Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazır yaşayış binalarından alınaraq təmir edilmiş 47 mənzili müharibə əlilləri və şəhid ailələrinə təqdim edib. ƏƏSMN-nin mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumat görə, Binəqədi rayonunun Mehdiabad qəsəbəsindəki Gənclər şəhərciyində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 47 mənzil müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.
Son iki həftədə 90-a yaxın ev müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.Mənzillərin təqdim olunması zamanı ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev həmin insanların sosial təminatının gücləndirilməsi istiqamətində ilbəil geniş vüsət alan tədbirlərdən bəhs edib.
Ç.Əliyev bildirib ki, respublikamızın 52 rayonunda 375 fərdi evin tikintisi işləri aparılıb və ötən həftə onlardan inşası yekunlaşan 41 ev artıq istifadəyə verilib.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakı şəhərində, İmişli, Beyləqan və Şamaxı rayonlarında müharibə əlilləri və şəhid ailələri üçün çoxmənzilli (ümumilikdə 238 mənzil) olan yaşayış binaları da inşa edilir.
Tədbirdə iştirak edən ayrı-ayrı əlil ictimai birliklərinin nümayəndələri ölkəmizdə sosial firavanlığın təminatı yönündə aparılan məqsədyönlü dövlət siyasətinin sosial cəhətdən həssas qruplara aid şəxslərin təminatlarının gücləndirilməsi ilə də müşaiyət olunduğunu, bu istiqamətdə mühüm addımların atıldığını bildiriblər.