Bakının Neftçilər prospektinin Nobel prospekti ilə birləşən hissəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.
APA TV-nin məlumatına görə, yolun bir qisminin bağlanmasına səbəb ərazidəki dəmiryolu relslərinin yenilənməsidir.İşin icrası ilə bağlı əraziyə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub. Nəqliyyat Nazirliyi "Azeryolservis" ASC-nin ərazidə olan əməkdaşlarından APA TV-yə verilən məlumata görə, dəmiryolu relslərinin dəyişdirilməsi ilə əlaqədar əraziyə lazımı texnika və canlı qüvvə cəlb olunub. Onların sözlərinə görə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tərəfindən sifariş verilən işin icrasını "Azərbaycan Dəmir Yolları" QSC və "Azeryolservis" ASC həyata keçirir.
Qeyd edək ki, sözügedən ərazidə aparılan işlə bağlı Neftçilər prospektindən Nobel prospektinə girən sürücülərə xəbərdarlıq etmək məqsədilə monitorlar quraşdırılıb. Eyni zamanda yola xüsusi xəbərdaredici nişanlar düzülüb.
Mərhələli şəkildə həyata keçiriləcək relslərin dəyişdirilməsi oktyabrın 19-da yekunlaşacaq.