Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idman müəllimindən xəbər var

Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idman müəllimindən  xəbər var backend

Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib.

Daha sonra son söz demək üçün Mehman Xəlilova söz verilib. O, son söz demək üçün məhkəmədən vaxt istəyib.

Proses martın 19-dək təxirə salınıb.

Qeyd edək ki, dövlət ittihamçısı Mehman Xəlilovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, ötən il aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazisində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.

Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsində Mehman Xəlilov barəsindəki 4 aylıq həbs qətimkan tədbiri seçilib. Təqdimata baxılarkən Mehman Xəlilov özünü təqsirli bilmədiyini, uşağın ölümündə günahkar olmadığını deyib.

Mehman Xəlilov ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Daha sonra ona CM-nin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Diaspora