“Məmməd Araz: Bu da belə bir ömürdür” mövzusunda elmi konfrans

“Məmməd Araz: Bu da belə bir ömürdür” mövzusunda elmi konfrans backend

Naxçıvan Dövlət Universitetində “Məmməd Araz: Bu da belə bir ömürdür” mövzusunda keçirilən elmi konfransda müstəqil Azərbaycan dövlətçiliyi tarixində milli istiqlal şairi kimi tanınan Xalq Şairi Məmməd Arazın həyat yolundan, yaradıcılığından ətraflı söhbət açılıb.

AZƏRTAC xəbər verir ki, konfransı ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq, xalqımızın Məmməd Arazın yaradıcılığını həmişə yüksək qiymətləndirdiyini bildirib.

Vurğulanıb ki, Azərbaycanda istiqlal təfəkkürünün formalaşmasında Məmməd Araz yaradıcılığının xüsusi rolu olub. Onun poeziyasının həyat fəlsəfəsi milyonlarla insanı valeh edib, onlara insanpərvərlik ruhu və mənəvi saflıq bəxş edib. Şairin xalqımızın əsrlərlə formalaşmış yüksək mənəvi dəyərlərini tərənnüm edən əsərləri insanlara vətənpərvərlik və mübarizlik ruhu aşılayıb.

“Məmməd Araz poeziyasında Vətən” mövzusunda məruzə ilə çıxış edən universitetin tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərov bildirib ki, Məmməd Arazın yaradıcılığında Vətən sevgisi bütövdür və onun yaradıcılığındakı şeirlər də bu sevginin tərkib hissəsidir: Məmməd Araz lirikasında elə bir şeir yoxdur ki, orada Vətən məhəbbətinin motivləri olmasın. Onun şeirində “Vətən” sözü qürurla səslənir. “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim!” - deyən şairin şeirlərindən də bu aydın görünür”.

Naxçıvan Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Mədət Səfərov “Məmməd Araz lirikası” adlı məruzəsində bildirib ki, 50 ildən artıq bədii yaradıcılıqla məşğul olan şairin əsərləri ona geniş oxucu rəğbəti qazandırıb. Müxtəlif janrlı əsərlərin, şeirlərin müəllifi olan Məmməd Arazın zəngin lirikası mövzu rəngarəngliyi ilə də seçilir. Məmməd Araz dilimizin bütün poetik imkanlarını üzə çıxarmağa çalışıb. Şairin Naxçıvana həsr etdiyi onlarla şeirində onun doğulub, boya-başa çatdığı qədim diyara sonsuz sevgisi və məhəbbəti görünür.

“Məmməd Araz Azərbaycan poeziyasına yeni üslub gətirib. Öz əsərləri ilə oxuculara yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayan, doğma Vətəni sonsuz məhəbbətlə sevən, qüdrətli qələmi ilə xalqımıza sədaqətlə xidmət edən Məmməd Araz poeziyasını Azərbaycan torpağından, el-obadan ayrı təsəvvür etmək çətindir”, - bu fikirləri tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Abbasova “Məmməd Araz yaradıcılığında “Tarix” mövzusundakı məruzəsində səsləndirib.

Sonra tarix-filologiya fakültəsinin tələbələri şairin şeirlərindən nümunələr səsləndiriblər.

Elmi konfransda Xalq Şairinin həyat və yaradıcılığını əks etdirən fotoslayd nümayiş olunub.
Diaspora