“Atəşgah” İntellektual Oyunlar Klubu (AİOK) Vilnüsdə “Azərbaycan bayrağı” beynəlxalq intellektual oyunlar festivalı təşkil edəcək.
AİOK-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan İntellektual Oyunlar Federasiyası ilə birgə noyabrın 7-8-də təşkil olunacaq festivalda 25 komandanın iştirakı planlaşdırılır. Festival Birləşmiş Avropa İntellektual Klublarının dəstəyi ilə keçiriləcək. Proqrama “Nə? Harada? Nə vaxt”, “Breyn-Rinq” və “Xəmsə” milli intellektual oyunları üzrə yarışlar daxildir.
Turnirin əsas redaktoru azərbaycanlı bilici Roman Orkodaşvilidir. Redaktorlar qrupuna belaruslu Leonid Klimoviç, Dmitriy Borok və Aleksandr Korobeynikov (Rusiya), Dmitriy Başuk (Ukrayna) daxildir. Məşhur belaruslu bilici Ales Muxin isə turnirin aparıcısı olacaq.
Festivalın təşkilat komitəsinin rəhbəri İlkin Yetirmişli bildirib ki, yarış xarici ölkələrdən olan bilicilərin Azərbaycanın tarixi və mədəni irsi ilə tanışlığı məqsədi daşıyır.
“Atəşgah” İntellektual Oyunlar Klubu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə artıq üçüncü beynəlxalq layihə həyata keçirir. Riqada təşkil olunan ilk tədbirdə MDB və Avropa ölkələrindən intellektual komandalar iştirak edib. İkinci yarış isə Sankt-Peterburqda keçirilib.