Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımovun QAZİLƏR saytına verdiyi məlumata görə Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Fərhad Quliyevin həmmüəllif olduğu elmi məqalə “Journal of Achaeological Science- Elsevier” jurnalında dərc edilib.
Məlumatda göstərilir ki, Tovuz rayonunda yerləşən Göytəpə neolit dövrü qədim yaşayış yerindən aşkar olunmuş qədim bitki qalıqları analizlərinin nəticələrinə həsr olunmuş geniş elmi məqalə 2015- ci ilin yanvar ayında İngiltərədə nəşr olunan impakt faktorlu “Journal of Achaeological Science- Elsevier” beynəlxalq elmi jurnalında dərc edilmişdir. Abidədə aparılan tədqiqatların rəhbəri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, Yaponiyanın, ABŞ-ın və İspaniyanın Yoşihiro Nişiaki, Çie Akaşi, Seici Kadovaki, Liza Maher, Marta Portillo və Roza M. Albert kimi paleobotanika elmləri üzrə aparıcı mütəxəsissləri məqalənin həmmüəllifləridirlər.Məqalədə Göytəpə yaşayış məskəninin tədqiqatları zamanı aşkar edilmiş gildən hazırlanmış təsərrüfat quyularının içərisindəki torpağın tərkibinin geoarxeoloji və paleobotanik analizləri emal prosesində əldə edilən taxıl, buğda və arpa qalıqlarını (dənli bitkilərin qabıqdan çıxarılması və üyüdülməsi prosesinin nəticələri ) müəyyən etmişdir. Beləliklə, dünyanın qabaqcıl elmi laboratoriyalarında aparılan analizlərin nəticələri Göytəpə yaşayış məskəni materialı timsalında neolit dövründə Azərbaycanda dövrü üçün qabaqcıl əkinçiliyin mövcudluğu, qədim yerli əhali tərəfindən artıq mədəni bitkilərin yetişdirilməsini və istifadəsini göstərmişdir. Alınmış nəticələr həmçinin, neolitdə Azərbaycan əhalisinin dövrü üçün qabaqcıl aqrotexniki bilik və təcrübəyə malik olması barədə fikir yürüdülməsinə təkzibedilməz əsas verir.
Həmçinin, F. Quliyev tərəfindən hazırlanmış və son illərdə Tovuz rayonunda aparılan neolit dövrü erkən kəndlərinin tədqiqatlarının nəticələri ilə bağlı daha bir geniş elmi məqalə ABŞ-ın Boston Universitetində nəşr olunan impakt faktorlu “The American Schools of Oriental Research” beynəlxalq elmi jurnalında mart ayında dərc olunacaqdır.