Azərbaycanda 6 milyon nəfər ASAN Xidmətə müraciət edib

Azərbaycanda 6 milyon nəfər ASAN Xidmətə müraciət edib backend

1.5 milyon əməliyyat ədliyyə orqanları tərəfindən həyata keçirilib Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, iclasda struktur qurumların rəhbərləri iştirakı edib və nazirliyin 9 ayda fəaliyyətinin yekunları təhlil edilib.

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında bildirilib ki,
ölkə prezidentinin təşəbbüsü ilə yaradılaraq Azərbaycanın milli brendinə çevrilmiş, o cümlədən ədliyyənin müvafiq xidmətlər göstərdiyi "ASAN xidmət"in vətəndaş məmnunluğuna yönələn fəaliyyəti cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır və beynəlxalq aləmdə hədsiz maraq doğurur. Ötən dövr ərzində 6 milyon insanın faydalandığı bu xidmət çərçivəsində 1.5 milyon əməliyyat ədliyyə orqanları tərəfindən həyata keçirilib.
Nazir F.Məmmədov dövlət başçısının Nazirlər Kabinetinin iclasında maliyyə intizamının gücləndirilməsi, izafi xərclərə yol verilməməsi, büdcə vəsaitindən qənaətlə istifadə edilməsi, korrupsiya ilə mübarizənin daha da gücləndirilməsi, bu sahədə ictimai nəzarətin genişləndirilməsi, eləcə də ölkədə dayanıqlı inkişafın təmin olunmasında mühüm rol oynayan sahibkarlığın inkişafına süni maneələrin aradan qaldırılması və sahibkarlar qarşısında əsassız tələblərin qoyulmaması, yoxlamaların tənzimləmə mexanizmlərinin hazırlanması, yoxlamaların və lisenziyaların sayının kəskin şəkildə aşağı salınması barədə qəti tapşırıqlarını diqqətə çatdıraraq ədliyyə orqanlarının qarşısında duran vəzifələrin ölkə rəhbərinin tələbləri səviyyəsində qurulmasını tapşırıb.
İclasda sahibkarların hüquqlarının müdafiəsi, yoxlamaların azaldılması və bu sahədə əlavə təsirli mexanizmlərin müəyyən edilməsi, lisenziyaların sayının aşağı salınması və prosedurların daha da sadələşdirilməsi, məsuliyyət tədbirlərinin gücləndirilməsi üçün qanunvericiliyə yenidən baxılması, maarifləndirilmə tədbirlərinin və metodiki köməkliyin göstərilməsi işinin genişləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin qeyd olunub ki, sahibkarlıq sahəsində yoxlamaların aparılması üzrə reyestrdəki məlumatların təhlilinə əsasən əvvəlki illərə nisbətən cari ildə yoxlamaların sayı artıb, bu zaman bəzən müvafiq qanunvericiliyin tələblərinə dürüst əməl olunmur, sahibkarların maraqlarının qorunması sahəsində qüsurlara yol verilir.
Bununla əlaqədar reyestrin aparılması işinin səmərəsinin artırılması, o cümlədən yoxlamaların qeydə alınmasında və keçirilməsində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə reyestrin fəaliyyətində ASAN imzanın və yeni proqram təminatının və qeydiyyat prosesinin tətbiqinin sürətləndirilməsi, habelə elektron sənədləşmənin dairəsinin genişləndirilməsi barədə və digər konkret tapşırıqlar verilib.
Həmçinin, vergi borcları ilə bağlı və digər icra sənədlərinin icrası vəziyyətinə toxunularaq bildirilib ki, 2015-ci ilin ötən dövr ərzində qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən və icradan qərəzli şəkildə yayınan, həmçinin vergi borclarını ödəməkdən boyun qaçıran 3.250 nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 1.800 nəfər inzibati qaydada həbs edilib, habelə 242 nəfər barəsində cinayət işi başlanıb, 4 mindən çox borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb. Bununla yanaşı, vergi borcları ilə bağlı icra işinin səmərəliliyinin artırılması məqsədilə Vergilər Nazirliyi ilə birgə vergi ödəyiciləri barədə məlumatların elektron mübadiləsi üzrə tədbirlər həyata keçirilir.
Kollegiyada həmçinin vurğulanıb ki, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi ədliyyə orqanlarının fəaliyyətində daim rəhbər tutulmalıdır.
Bununla əlaqədar şəffaflığın daha da artırılması, habelə elektron xidmətlərin tətbiqinin və elektron sənəd dövriyyəsinin genişləndirilməsi, ədliyyə fəaliyyətində "ASAN xidmət" praktikasından geniş istifadə olunması və müsbət model kimi beynəlxalq aləmdə təbliğ olunması, eləcə də əhali ilə daha çox təmasda olan ədliyyə qurumlarında vətəndaş məmnunluğunun yüksəldilməsi, ictimai rəyin öyrənilməsinə diqqətin artırılması və s. aidiyyəti tapşırıqlar verilib.
İclasda, həmçinin bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.
Diaspora