Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, iclasda struktur qurumların rəhbərləri iştirakı edib və nazirliyin 9 ayda fəaliyyətinin yekunları təhlil edilib.
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında dövlət başçısının güclü siyasi iradəsi və rəhbərliyi ilə ölkəmizin dinamik iqtisadi inkişafı, ölkə iqtisadiyyatının və qeyri-neft sektorunun davamlı artımı, sosial və infrastruktur layihələrin uğurla icrası qeyd olunub, qarşıya qoyulan bütün strateji inkişaf hədəflərinə bundan sonra da nail olunacağına əminlik ifadə edilib.
2015-ci ildə ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə başçısının tapşırıqlarının icrası, o cümlədən nazirliyə həvalə edilmiş vəzifələrin layiqincə yerinə yetirilməsi üzrə xeyli işlər görülüb.
Nazirlik tərəfindən qanunyaradıcı fəaliyyətdə aktiv iştirak edilərək ölkəmizin iqtisadi inkişafına, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına və s. yönəlmiş 568 qanunvericilik aktının layihəsi hazırlanıb, 1.822 layihə hüquqi ekspertizadan keçirilib.
Eyni zamanda, vətəndaşların mülki hüquq münasibətlərinin həllində mühüm rol oynayan notariat orqanlarında aparılan əməliyyatların sayı 2.5 milyona çatıb ki, bunun da 90%-dən çoxu ölkədə geniş tətbiq olunan xüsusi notariat institutunun payına düşür. Bütövlükdə dövlət büdcəsinə 27 milyon manat rüsum ödənilib.