Azəri Gənclər Alyansı Qadın Seçki Forumu keçirib. AzNews.az verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Parlament seçkilərində qadınların elektoral aktivliyinin artırılması” layihəsi çərçivəsində həyata keçirlən forum jurnalist Seymur Verdizadənin moderatorluğu ilə keçib.
Forumda öncə layihə rəhbəri Sevda Məmmədova həyata keçirilən layihə barədə ətraflı məlumat verib. Sonra professor Rəna Mirzəzadə “Seçkilərdə qadınların həm aktiv, həm də passiv formada aktivliyi, dayanıqlı və stabil inkişafın təmin edilməsi məsələsidir”, 17 saylı Yasamal 3-cü seçki dairəsindən namizəd İlhamiyyə Rza “Seçki prosesinə qadın olaraq qatılmanın problemləri haqqında”, 32 saylı Suraxanı 3-cü seçki dairəsindən namizəd Mehriban Zeynalova “Qadınların parlamentdə sayının çox olması qadınların vəziyyətinin yaxşılaşdırılması və dövlət proqramlarında qadınların maraqlarının nəzərə alınması məsələsidir”, 21 saylı Nəsimi seçki dairəsindən namizəd Gunel Səfərova “Qadınların seçkilərdə aktivliyi sosial ədalət məsələsidir”, Xətai rayonu 34 saylı ikinci seçki dairəsindən namizəd Fatimə Hacıbəyli “Qadın qadına dəstək olmalıdır”, 41 saylı Sumqayıt Birinci seçki dairəsindən namizəd Həcər Abbaslı “Seçkilərdə qadınların aktiv iştirakı keyfiyyətli idarəetmə məsələsidir”, tanınmış jurnalist Aida Eyvazlı “Qadınların seçkilərdə namizəd kimi qatılması niyə vacib sayılır?” və hüquqşünas Xalisə Şahverdiyeva “Seçkilərdə qadınların aktivliyi qadınların vəziyyətinin yaxşılaşdırılması və dövlət proqramlarında qadınların maraqlarının nəzərə alınması məsələsidir” mövzularənda çıxış ediblər.Çıxışlarda daha çox Azərbaycan qadınının siyasi fəaiiyyətə cəlb edilməsi, parlament seçkilərində iştirak edən qadın namizədlərin bacarıqlarının artırılması, ölkə problemlərinin həllində qadınların rolunun artırılmasına nail olunması, Azərbaycan parlamentinin üzvü olacaq qadınların fəaliyyətlərinin effektivliyinin yüksəldilməsi, qadınların vətəndaş cəmiyyətinin inkişafında, ölkə siyasətində əhəmiyyətli rolunun ictimaiyyət tərəfindən tanınması, qadınların həmrəylik göstərərək bir-birilərinə dəstək olması və parlament seçkisində fəal iştiraka nail olması məsələlərinə diqqət yetirilib. Çıxışlar ətrafında fikir mübadiləsi aparılıb.
Forumun sonunda bu mövzuda araşdırma aparan jurnalistlər üçün qadınların siyasi iştirakçılığı, seçkili orqanlarda təmsil olunan lider qadınların fəaliyyəti mövzusunda müxtəlif janrlarda yazı müsabiqəsi elan edilib. Müsabiqəyə oktyabrın 15-dən noyabrın 10-dək dövrdə KİV-də dərc edilən yazılar təqdim edilə bilər.
“Qadın və seçki” mövzusunda ən yaxşı yazılara görə pul mükafatlarının verilməsi nəzərdə tutulur.