Mingəçevir şəhərində yaşayan 7 məcburi köçkün ailəsi mənzil və məişət şəraitlərinin yararsız vəziyyətdə olması ilə bağlı redaksiyamıza müraciət edib. Lent.az-ın məlumatına görə, hazırda Mingəçevir şəhər, Günəşli qəsəbəsi, İzalit zavodu yardımçı təsərrüfatının binasında yaşayan Kəlbəcər köçkünü olan həmin 7 ailənin yaşadığı binanı təbii fəlakət nəticəsində su basıb. Ailələrin yaşadığı yer tam yararsız vəziyyətə düşüb.
Binada bundan əvvəl yaşayan daha 5 ailə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən subasma sonrası oktyabrın 8-i Mingəçevir şəhərində məcburi köçkünlər üçün tikilmiş mənzillərə köçürülüb.Hazırda həmin ərazidə köməksiz vəziyyətdə yaşayan 7 ailə Mingəçevir şəhərində məcburi köçkünlər üçün tikilmiş mənzillərə köçürülmələrini xahiş edirlər.
Məsələ ilə bağlı Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Komitənin mətbuat xidmətindən Elçin Qədimov bildirdi ki, məcburi köçkünlərin köçürülmə işi hazırda bitib:"Yerdə qalan ailələrin köçürülməsi Dövlət proqramına əsasən və ağır şəraitdə yaşayan ailələrin mənzil və məişət şəraitinin nəzərə alınması prinsipi nəzərə alınaraq gələcəkdə mərhələli şəkildə aparılacaq".



