Neftçalada respublikada ilk dəfə salınacaq Sənaye Məhəlləsinin tikintisinə başlanılıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən tikilən Sənaye Məhəlləsi qeyri-neft sektorunun inkişafına təkan vermək və əhalinin məşğulluğunu artırmaq məqsədi daşıyır. Məhəllə, həmçinin sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlığın inkişafına yardım edəcək.
AZƏRTAC xəbər verir ki, Sənaye Məhəlləsinin yaradılması üçün 10 hektar torpaq sahəsi ayrılıb. Yeni Sənaye Məhəlləsi rayon mərkəzindən təxminən 5 kilometr aralıda, Salyan-Neftçala magistral yolunun kənarında inşa edilir. Burada qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri tikilir. Əsas diqqət isə region üçün prioritet olan sənaye məhsullarının istehsalına yönəldiləcək.
Sənaye Məhəlləsinin fəaliyyətə başlaması ilə yeni iş yerləri açılacaq, bunun sayəsində də rayonda əhalinin məşğulluq səviyyəsi yüksələcək. Həmçinin investisiyaların qoyulması və istehsalın artması nəticəsində rayonun iqtisadi imkanları yüksələcək.
Ərazidə eyni vaxtda yardımçı binalarla birlikdə 17 tikilinin inşasına başlanılıb. Paralel olaraq kommunikasiya xətlərinin çəkilişi ilə bağlı işlər də görülür. İş icraçısı Valeh Nəcəfovun sözlərinə görə, hazırda tikintidə 180-200 nəfər çalışır, işlər artdıqca işçilərin sayı 500 nəfərə çatacaq.
Sənaye Məhəlləsində 8 modullaşdırılmış istehsal binası olacaq. İlkin mərhələdə onlardan 4-ü istifadəyə veriləcək. Qalanları sahibkarların sifarişi nəzərə alınmaqla sonradan tikiləcək.
Burada sahibkarlara bütün lazımi şərait yaradılacaq. Layihəyə əsasən sənaye obyektində atmosferə atılacaq tullantılar minimuma endiriləcək, həmçinin suya qənaət olunacaq.
Neftçala Sənaye Məhəlləsində Qafqazda balıq yemi istehsal edəcək yeganə müəssissə də fəaliyyət göstərəcək.