Azərbaycan Respublikası Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Koordinasiya Komitəsinin və Proqram və Büdcə Komitəsinin üzvü, Müəllif Hüquqları Agentliyinin nümayəndəsi isə ÜƏMT-nin Müəllif Hüququna dair Müqaviləsinin Assambleyasının vitse-prezidenti seçilib.
Müəllif Hüquqları Agentliyindən Trend-ə verilən məlumata görə, cari ilin 5-14 oktyabr tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Baş Assambleyasının 55-ci toplantısı keçirilir. Həmin tədbirdə sədr cənab Kamran İmanovun rəhbərliyi ilə Müəllif Hüquqları Agentliyinin nümayəndə heyəti iştirak edib.
ÜƏMT-nin rəhbər orqanlarına builki seçkilər zamanı Azərbaycan Respublikası ÜƏMT-nin fəaliyyətinin həyata keçirilməsində xüsusi rola malik olan Əlaqələndirmə (Koordinasiya) Komitəsinin və Proqram və Büdcə Komitəsinin 2 il müddətinə üzvü seçilib.
Bununla yanaşı, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov iki il müddətinə ÜƏMT-nin Müəllif Hüququna dair Müqaviləsinin Assambleyasının vitse- prezidenti seçilib. Bu Müqavilə yeni rəqəmli erada müəllif hüquqlarının qorunmasına hüquqi təminat yaradan beynəlxalq sazişdir və hazırda 100-dən artıq dövlət ona qoşulub. Azərbaycan Respublikası 2006-cı ildən həmin Müqavilənin Tərəfidir.