Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb backend

Azərbaycandan Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının sonuncu hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkından Ukraynaya yola salınıb.

“Report”un yerli bürosunun məlumatına görə, Energetika Nazirliyinin tədarük etdiyi humanitar yükə 670 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 26 ədəd transformator və komplekt transformator məntəqəsi daxildir.

25 TIR-dan ibarət yük avtomobili karvanının daşıdığı humanitar məqsədli mallar Ukraynadakı mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək üçün göndərilir.

Qeyd edək ki, ümumi məbləği 7,6 milyon ABŞ dolları olan humanitar yardımın əvvəlki hissələri 2023-cü ilin 30 oktyabr, 21 noyabr, 8 dekabr və 2024-cü ilin yanvarın 11-də Ukraynaya göndərilib. Ümumilikdə, bu çərçivədə Ukraynaya 107 TIR-dan ibarət yük avtomobili karvanı ilə 3,3 milyon metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 72 ədəd transformator və komplekt transformator məntəqəsi yola salınıb.

Diaspora