14 oktyabr Beynəlxalq Standartlaşdırma Günüdür. 1946-cı il oktyabrın 14-də 25 ölkənin nümayəndələri standartlaşdırma üzrə milli qurumların fəaliyyət güclərinin birləşdirilməsi və işlərinin koordinasiyasını həyata keçirmək üçün yeni təşkilatın yaradılması məqsədilə Böyük Britaniyanın paytaxtı Londonda toplaşıb, Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) isə rəsmi olaraq bir il sonra fəaliyyətə başlayıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu günün standartlaşdırma günü kimi qeyd edilməsi isə İSO-nun prezidenti Faruk Sunterin (Türkiyə) təşəbbüsü ilə 1970-ci ildə qərara alınıb. Həmin dövrdən oktyabrın 14-ü standartlaşdırma üzrə digər mötəbər təşkilatlar tərəfindən də qeyd edilir.Standartlaşdırmanın əsas məqsədləri istehsalın effektivliyinin artırılması, istehlakçılara çatdırılan mal, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi, insan sağlamlığının qorunması istiqamətində təhlükəsizlik normalarının daha da təkmilləşdirilməsi, ətraf mühitin qorunması, Ümumdünya Ticarət Təşkilatına üzvlük çərçivəsində tələblərdən biri olan Ticarətdə Texniki Maneələrin aradan qaldırılmasına yardımçı olan standartların yaradılması və s. ibarətdir.
Azərbaycan Respublikasında standartlaşdırmanın inkişaf etdirilməsi, beynəlxalq standartlarla harmonizasiya, beynəlxalq tələblərə cavab verən yeni milli standartların yaradılması və standartlar fondunun genişləndirilməsi, təkmilləşdirilməsi əsas məqsədlərdəndir. Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq respublikada tətbiq edilən milli standartların Avropa standartlarına uyğunlaşdırılması prosesi uğurla davam etdirilir. Azərbaycanda keyfiyyət infrastrukturunun inkişafı və tənzimlənməsi standartlaşdırma, akkreditasiya, sertifikatlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi fəaliyyət istiqamətləri vasitəsilə həyata keçirilir.
Standartlaşdırma üzrə Milli Texniki Komitələrin formalaşdırılması və onların fəaliyyətinin əlaqələndirilməsi istiqamətində də bir sıra işlər aparılır. Hazırda standartlaşdırma sahəsi üzrə müxtəlif dövlət qurumları və özəl təşkilatlarla birgə yaradılan akkreditasiya, metrologiya, qida məhsulları, sənaye məhsulları, informasiya-kommunikasiya texnologiyaları, turizm, ekologiya, tikinti materialları sahələrini əhatə edən texniki komitələr fəaliyyət göstərir. Bunlardan bir neçəsi artıq İSO-nun güzgü komitələridir. Hazırda iqtisadiyyatın digər sahələrini əhatə edən texniki komitələrin yaradılması üzərində işlər aparılır.
Cari il ərzində 23 yeni standart dövlət qeydiyyatına alınıb. Bunların sırasında “İctimai iaşə xidmətləri və əhaliyə realizə edilən kulinariya məhsulları”, “Alkoqolsuz tonuslandırıcı ickilər”, “Profillənmiş fibrosement lövhələr və fitinqlər”, “Məhsulun spesifikasiyası və sınaq metodları”, “Məişət xidmətləri”, “Kimyəvi Təmizləmə”, “Güc transformatorları” və digərlərini göstərmək olar.