Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev oktyabrın 14-də Horadiz sərhəd dəstəsində Füzuli və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edib.Vətəndaşlar əsasən DSX-də xidmətə qəbul, sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli, sosial müavinətlərin verilməsi, mənzil və torpaq sahələrinin sənədləşdirilməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Qəbul zamanı vətəndaşların müraciətləri, şikayət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlər DSX-nin aidiyyatı struktur qurumlarının rəhbərlərinin iştirakı ilə araşdırılıb və konkret tapşırıqlar verilib. Əksər məsələlər yerindəcə həllini tapıb. Dövlət Sərhəd Xidmətinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
Qəbula gələn vətəndaşlar onlara yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.