Milli Məclis Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatına razılıq verib.
"Report"un xəbərinə görə, onun namizədliyi səsverməyə qoyularaq qəbul edilib.
10:08
Milli Məclisdə Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatı məsələsi müzakirəyə çıxarılıb.
"Report"un xəbərinə görə, onun namizədliyi Prezident İlham Əliyev tərəfindən irəli sürülüb.
Milli Məclisin sədri Sahibə Qafarova məsələ ilə bağlı deputatlara məlumat verib.
Daha sonra deputatlar məsələ ilə bağlı fikirlərini bölüşüblər.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışı Azərbaycanın gələcək inkişaf perspektivlərini müəyyən edən yol xəritəsi idi: "Bu xəritədə də Azərbaycanın inkişaf perspektivləri, gələcəyi haqqında çox nikbin mesajlar verdi. Hesab edirəm ki, Azərbaycanın bundan sonra sosial-iqtisadi inkişafı ilə əlaqədar məsələlər, iqtisadiyyatın daha da dirçəldilməsi üçün qarşıda duran məsələlər onu deməyə əsas verir ki, Azərbaycanda güclü baş nazir olmalıdır. Hesab edirəm ki, Əli Əsədov bu sahədə peşəkar kadrdır. Onun baş nazir vəzifəsindəki 5 illik fəaliyyəti göstərir ki, yerində olan kadrdır".
09:45
Bu gün Azərbaycanın yeni Baş naziri təyin ediləcək.
"Report"un xəbərinə görə, "Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında" məsələ Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin andiçmə mərasimindən sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib.
Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir. Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.