Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Şəmkir rayonu, Zəyəm kəndində məscid tikintisinin dayandırılmasına münasibət bildirib. Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,Şəmkir rayonu, Zəyəm kəndində məscid tikintisinə icazə verilməsi və ya bu məqsədlə torpaq sahəsi ayrılması ilə bağlı indiyədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə heç bir müraciət daxil olmayıb.
Eyni zamanda, Zəyəm kəndinin hansısa sakini öz həyətyanı sahəsində və ya pay torpağında ibadət evinin tikintisinə icazə verilməsi ilə bağlı fərdi qaydada Dövlət Komitəsinə müraciət etmədiyindən yerli icra hakimiyyəti orqanlarının qanunauyğun şəkildə tikintini dayandırması haqlı sayılır. Hazırda müvafiq qurumlar tərəfindən araşdırmalar aparılırKomitənin məlumatına görə, istənilən obyektin, o cümlədən dini ibadət yerinin tikintisi mövcud qanunvericilik əsasında aparılmalıdır. Dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının (bərpasının, əsaslı təmirinin) məqsədəuyğunluğu barədə rəy verilməsi haqqında normativ sənədlər var və bütün proseslər bu təlimata uyğun aparılmalıdır.Xatırladaq ki, indiyədək, dövlət qurumları tərəfindən ölkədə ibadət evlərinin tikintisinə hansısa məhdudiyyət qoyulmayıb. Son 10 ildə onlarla məscid inşa edilib və ya əsaslı bərpa olunaraq dindarların istifadəsinə verilib.