Sosial sığorta sistemində iştirakçıların aktivliyi artırılır

Sosial sığorta sistemində iştirakçıların aktivliyi artırılır backend

Bu il oktyabrın 1-nə olan məlumata görə, ölkədə sosial sığorta nömrəsi verilmiş və fərdi hesab açılmış sığortaolunanların sayı 3 milyon 136 min nəfəri ötüb. Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan QAZILER.az-a verilən məlumata görə, fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ilin əvvəlinə nisbətən 160,1 min nəfər artıb ki, bu da ölkədə daimi yeni iş yerlərinin yaradılmasının, habelə sosial sığorta sistemində təbliğat işlərinin gücləndirilməsi və iştirakçıların aktivliyinin artırılmasının göstəricisidir.

Eyni zamanda, sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu prosesi aparılıb, Fondun internet saytında fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığortaolunanların məlumatlandırılması xidməti fəaliyyətini davam etdirib.

Dövlət Sosial Müdafiə Fondunun uğurlu fəaliyyət sahələrindən biri də beynəlxalq əməkdaşlıqdır. Bu istiqamətdə Beynəlxalq Sosial Təminat Assosiasiyası ilə əməkdaşlıq əsas prioritetlərdəndir. Qeyd edək ki, Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi, 2004-cü ildə ölkəmiz Beynəlxalq Sosial Təminat Assosiasiyasının büro üzvü seçilib, 2007-ci ildən Assosiasiyanın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin üzvüdür və 2013-cü ildə təkrarən Rəhbər Komitəyə üzv seçilib. 2011-ci ilin iyun ayında Bakı şəhərində BSTA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi açılıb. Azərbaycan Assosiasiya çərçivəsində yüksək səviyyəli qərarların qəbul edilməsində xüsusi rola malikdir. Ölkəmiz BSTA-nın bir cox beynəlxalq tədbirlərinə ev sahibliyi edib.

Fond BSTA-nın üzv təşkilatların bir araya gətirilməsi, sosial müdafiə sahəsində müasir prinsip və mexanizmlərin, texnologiyaların tətbiqi, biliklərin və ən yaxşı təcrübələrin yayılmasında mühüm rol oynayan müxtəlif tədbirlərində fəal təmsil olunur, pensiya təminatı üzrə beynəlxalq tendensiyalar və meydana çıxan aktual məsələlərə dair müzakirələrdə iştirak edir, könüllü sosial sığortalama və pensiya sistemində aktuar tədqiqatların aparılması və digər məsələlərlə bağlı dünya ölkələrinin təcrübəsini öyrənir.
Diaspora