Erməni snayperindən yaralanan əsgər hadisənin necə baş verdiyini danışıb - FOTO

Erməni snayperindən yaralanan əsgər hadisənin necə baş verdiyini danışıb - FOTO backend

Fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralanan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Pərviz Xəlilzadə hadisənin necə baş verdiyindən danışıb.

O, “Report”a açıqlamasında bildirib ki, həmin vaxt sərhəd döyüş mövqeyində xidmətdə olub.

“Düşmənin qarşıdakı postunun müşahidəsini aparırdıq. Bu zaman ermənilər atəş açdı. Güllə mənə dəydi və yerə yıxıldım”, - hərbi qulluqçu söyləyib.

P.Xəlilzadə bildirib ki, hazırda səhhəti normaldır: “Sərhədçi kimi özümlə fəxr edirəm. Xidmət etdiyim torpağın hər qarışında şəhid qanı var. Hər zaman öz gücümüzü göstərmişik”.

Yaralı əsgər hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunur. Tibb müəssisəsinin spinal neyrocərrahiyyə şöbəsinin müdiri Rasim Quliyev deyib ki, ötən gün xəstəxanaya daxil olan əsgər axşam saatlarında təxirəsalınmaz əməliyyata götürülüb.

Onun sözlərinə görə, əməliyyat nəticəsində Pərviz Xəlilzadə onurğa kanalına sirayət edən güllə çıxarılıb: “O, xəstəxanaya daxil olarkən vəziyyəti ağır qiymətləndirilib. Hazırda vəziyyəti qənaətbəxşdir. Bir güllə yarası alıb, güllə boyun yan səthindən keçib spinal kanalın yumşaq toxmalarında dayanıb. Çıxarılan yad cisim hərbi mütəxəssislərə göstərilib. Müəyyən olunub ki, xaricdə istehsal olunan snayper gülləsidir. Müalicənin kəskin dövrü 3,4, 5 gün çəkir. Sonra müalicəsi DSX-nın Hərbi Hospitalında davam etdiriləcək. Hərbi qulluqçu 2-3 aydan tez xidmətə qayıda bilməz”.

Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.

Diaspora