Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Şamaxı şəhərində yerləşən 2 saylı psixonevroloji sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra fəaliyyətini davam etdirir.
Qaziler.az nazirliyin saytına istinadla xəbər verir ki, ümumi ərazisi 1,27 ha olan müəssisənin üçmərtəbəli korpusu əsaslı təmir olunmaqla, ərazidə üçmərtəbəli, 112 çarpayılıq daha bir korpus da inşa edilib, çarpayı sayı artırılıb.
Bununla da müəssisə eyni vaxtda 174 sakinə müvafiq xidmətlərin göstərilməsi üçün bütün zəruri ifrastruktur və şəraitlə təmin olunub. Tibb otaqları, yeməkxana, üç idman zalı, kitabxana, emalatxana və müvafiq reabilitasiya şöbələri müasir tələblərə uyğunlaşdırılıb.
Müəssisədə psixi və yüngül formalı əqli pozuntularla əlaqədar əlilliyi olan və əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan 18 yaşdan yuxarı şəxslərə stasionar formada sosial xidmətlər göstərilir. Hazırda burada əlilliyi olan 83 şəxs dövlət qayğısı ilə əhatə olunur.
Ümumilikdə Agentliyin Bakı və Gəncə şəhərlərində, Göygöl və Şamaxı rayonlarında olmaqla 4 psixonevroloji sosial xidmət müəssisəsi fəaliyyət göstərir.
Həmin müəssisələrdə sakinlərə sosial-tibbi, sosial-hüquqi, sosial-psixoloji xidmətlər göstərilir.