Oktyabrın 13-də ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Patrik Vialın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, M.Quliyev ədliyyə naziri Fikrət Məmmədovun adından qonaqları salamlayaraq Azərbaycanın penitensiar sistemində aparılan islahatlar, Xidmətin hazırkı fəaliyyəti, son dövrlər məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülən işlər barədə məlumat verib.BQXK-nin Ədliyyə Nazirliyi ilə əməkdaşlığının səmərəli olduğunu vurğulayan M.Quliyev qeyd edib ki, Komitənin nümayəndələri mütəmadi qaydada penitensiar müəssisələrdə və istintaq təcridxanalarında monitorinqlər keçirir, cəza çəkənlərin saxlanma şəraiti ilə yaxından tanış olur, fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə müvafiq tövsiyələr verirlər. Monitorinqlərin nəticələri ilə bağlı BQXK-nin tövsiyələri Penitensiar Xidmət tərəfindən diqqətlə öyrənilir, təhlil aparılır və müvafiq tədbirlər görülür. Məhz əməkdaşlığın səmərəliliyi nəzərə alınaraq BQXK ilə Ədliyyə Nazirliyi arasında mövcud Sazişin müddəti uzadılıb.
Patrik Vial missiyanın məqsədinin regionla ümumi tanışlıqdan ibarət olduğunu bildirib. O, müəssisələrə baş çəkilməsi üçün Ədliyyə Nazirliyi tərəfindən lazımi şəraitin yaradılmasına və monitorinqlərin nəticələrinə dair hesabatlara xüsusi diqqətlə yanaşıldığına görə minnətdarlığını ifadə edib.
Mədət Quliyev belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb.