İtaliyanın “Corriere della sera” qəzetinin saytında Azərbaycanın paytaxtı Bakının görməli yerləri ilə bağlı yazı və fotoreportaj yerləşdirilib.
Yazıda qeyd olunur ki, tarixi tikililər ilə müasir arxitektura nümunələrinin bir araya gəldiyi, meqapolisə çevrilmiş Bakı Qafqazın ən inkişaf etmiş şəhərlərindən biridir.Bakının tarixi haqqında məlumat verilən yazıda qeyd olunur ki, şəhərin əsas tarixi mərkəzi sayılan İçərişəhər UNESCO-nun Dünya İrs Siyahısına daxil olunub. Burada yerləşən Qız qalası, Şirvanşahlar sarayı və digər tarixi abidələr Bakının qədim simasını özündə əks etdirir. Şəhərin gecə görüntüsünə rəng qatan “Alov qüllələri” kompleksi Azərbaycanın əsas elementlərindən olan atəşi simvolizə edir.
“Yanardağ” barədə də məlumat verən müəllif vurğulayır ki, dağın ətəyində təbii qazın çıxması nəticəsində 3 metrədək alovlanan bu təbiət abidəsi buraya gələnlərin marağına səbəb olur. “Yanardağ”da alov həmişə yanır, çünki bu, dövri deyil. Dayanmadan yanmağa davam edən bu fərqli məkan zəngin enerji ehtiyatlarına malik Azərbaycanın “Odlar yurdu” adlanmasının heç də təsadüfi olmadığını göstərir. Ümumiyyətlə, italiyalılar Bakının neft ehtiyatı ilə zəngin olması barədə ilk məlumatları tanınmış italyan səyyahı Marko Polonun qeydlərindən əldə ediblər.