Naxçıvanda ardıcıl və genişmiqyaslı sosial islahatlar həyata keçirilir

Naxçıvanda ardıcıl və genişmiqyaslı sosial islahatlar həyata keçirilir backend

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ölkəmizdə aparılan ardıcıl və genişmiqyaslı sosial islahatlar bu gün 100 illiyini qeyd etdiyimiz Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. 

Qaziler.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ildən Naxçıvan Muxtar Respublikasında da sosial ödənişlərin e-sistemlər üzərindən proaktiv təyinatı mexanizmləri qurulub. Nəticədə həmin sosial ödənişlərə hüququ yaranmış şəxslərin müraciətinə və sənəd təqdim etməsinə ehtiyac qalmadan proaktiv qaydada bu ödənişlərin təyinatı həyata keçirilir. Muxtar Respublikada artıq 3,4 min nəfərə pensiya, müavinət və təqaüd təyinatı e-sistemlər üzərindən proaktiv qaydada aparılıb.

Eyni zamanda, DOST mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işləri çərçivəsində Naxçıvan şəhərində də Regional DOST Mərkəzi yaradılır. 4 mərtəbədən ibarət Mərkəzin bu il istifadəyə verilməsi planlaşdırılır. Mərkəzdə vətəndaşlara sosial sahələr üzrə 159 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunacaq. Muxtar Respublikanın rayon mərkəzlərində Naxçıvan Regional DOST mərkəzinin filiallarının yaradılması üçün layihələndirmə işləri də aparılır. 

Habelə Naxçıvan şəhərində  DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, Kəngərli rayonunda sosial reabilitasiya və Şərur rayonunda psixonevroloji sosial xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulur. Şahbuz və Ordubad rayonlarında 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslər üçün günərzi qayğı mərkəzlərinin, Culfa rayonunda məişət zorakılığından zərər çəkənlər üçün sosial reabilitasiya mərkəzinin, Sədərəkdə insan alveri qurbanları üçün yardım mərkəzinin qurulması da planlaşdırılır.

Həmçinin şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatı proqramı Naxçıvan MR-də də uğurla davam edir. Ötən dövrdə Muxtar Respublikada bu kateqoriyalardan olan yüzlərlə şəxs mənzil və fərdi evlə, avtomobillə təmin edilib. 

Naxçıvan MR-də də aktiv məşğulluq proqramları daim genişlənir. Son bir ildə Muxtar Respublikada 5,7 min nəfər bu proqramlara cəlb edilib. Ötən il Naxçıvan şəhərində ilk dəfə Karyera Forumu keçirilib. “Qədim diyarda yeni fürsətlər” devizi ilə keçirilən Forumda əmək bazarı və məşğulluğa dair aktual mövzularda peşəkar müzakirələr aparılıb. 

Muxtar Respublikada mütəmadi əmək yarmarkaları da təşkil olunaraq dövlət təşkilatları və özəl şirkətlərdəki vakant iş yerləri işsiz və işaxtaran vətəndaşlara təqdim edilir. Habelə əmək yarmarkalarında  iştirakçıların peşə hazırlığı kurslarına və özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılır. 

Diaspora