Xocalıda yaralandığım dağı da gördüm...- Rey Kərimoğlu

Xocalıda yaralandığım dağı da gördüm...- Rey Kərimoğlu backend

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində Beynəlxalq Avrasiya Mətbuat Fondunun müşahidəçi korpusunun tərkibində ərazidə seçki müşahidəsi apararkən Xocalı rayonunun Noraguh kəndində də olub. Həmin ərazidə Qarabağ müharibəsi zamanı yaralandığı yerin görüntülərini paylaşıb.

O, bu barədə təəssüratlarını Qaziler.az-la bölüşüb.

"O dağların arasında 1992-ci il, avqustun 9-da mən, Ağdam rayonunun Cinli kəndindən olan Xalid Cəfərov, zərdablı Azad Musayev mühüm tapşırıqla bura kəşfiyyata gəlmişdik. Göstərdiyim o yer...O istiqamətə qədər gəldik. Kəşfiyyat işimiz əslində bura ilə bağlı deyildi, dağın arxasında bir yüksəklik var, orada idi. Fərrux əməliyyatı ilə bağlıydı. Əməliyyatımız başa çatandan sonra qayıdanda üçümüz də minaya düşdük...Allah Ordumuzu qorusun, şəhidlərimizin ruhu şad olsun, qazilərimizə allah sağlıq versin. Çox şükür ki, indi biz artıq o yurd yerlərimizdəyik..."

Yaralandığı yeri yenidən görməklə yaşadığı təəssüratı bölüşən Rey Kərimoğlu, qarışıq hisslər keçirdiyini dedi: "Mən o vaxt bilməzdim ki, ermənilər ordan bizi görə bilərmiş. Biz o dağdan onları görürdük, Noraguhda ermənilər yaşayırdı. Xocalının üstüdü. Mən bu tərəfdən bizim minaya düşdüyümüz yeri görməmişdim. Maraqlı gəldi. Nə hisslər keçirdim? O anlarda müharibə, qanlı-qadalı günlər gözümün önündən keçdi. Döyüş yoldaşlarımı xatırladım: Şəhid olanlarımız, qazi olanlarımız oldu. Hər şey kino lenti kimi adamın beynindən keçir..."

Xatırladaq ki, Rey Kərimoğlu Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şirin Mirzəyevin batalyonunda döyüşüb.

QAZİLER.AZ

Diaspora