Azərbaycanda orta aylıq pensiya məbləğinin 485 manata çatacağı proqnozlaşdırılır

Azərbaycanda orta aylıq pensiya məbləğinin 485 manata çatacağı proqnozlaşdırılır backend

Prezidentin Fərman və Sərəncamları ilə 2018-2023-cü illərdə sosial ödənişlərin artırılması məqsədilə 4 sosial islahat paketi icra olunub. 4 milyondan çox vətəndaşı əhatə edən bu islahatlar üzrə illik əlavə olaraq 7 milyard manat vəsait ayrılıb.

Apa xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin Sərəncamına əsasən pensiyaların indeksləşdirilərək artırılmasına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin islahatlar nəticəsində minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 71,3 faiz, median əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu 2,7 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfəyə yaxın, ünvanlı yardımın orta aylıq məbləği 2,8 dəfə artıb. Həmçinin 2018-2023-cü illərdə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 2,1 dəfə, yaşa görə orta aylıq pensiyada 2 dəfə artım baş verib, pensiya təminatına əlçatanlığın artırılması üçün mühüm addımlar atılıb.

Bildirilib ki, 2024-cü il üzrə pensiyaların maliyyələşdirilməsi üçün “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” Qanunla 6,5 milyard manat vəsait nəzərdə tutulub.

Naziri müavini deyib ki, 2023-cü ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılmasında vahid yanaşma tətbiq olunur. Hazırki indeksasiya əsaslı pensiya artımı da digər pensiyaçılarla yanaşı, qulluq stajına görə pensiyalarına əlavələr təyin edilmiş pensiyaçıları (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və s.) da əhatə edir:

“Yeni Sərəncamla pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləğinin 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacağı proqnozlaşdırılır. Artımlar elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac yoxdur”.

Diaspora