Rusiyada üç azərbaycanlı Rusiya-Qazaxıstan sərhədini qanunsuz keçdikləri üçün cəza alıblar.
QAZİLER.AZ Lent.az-a istinadən bildirir ki, Rusiya FSB-nin Kurqan vilayəti üzrə idarəsinin açıqlamasına görə, ölkədə qalma şərtlərini pozduqlarına və inzibati məsuliyyətə cəlb olunduğuna görə hər üçünün Federasiya ərazisinə girişi qadağan edilib.
Onlardan biri, 27 yaşlı Cəlilabad rayon sakini əvvəlcə pasport məlumatlarını dəyişərək Qazaxıstandan avtobusla Rusiya Federasiyasına Çelyabinsk vilayətinə keçməyə cəhd edib. Sərhədçilər qeyri-qanuni mühaciri nəzarət-buraxılış məntəqəsindən buraxmayıb, ona yeni cəhddə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq ediblər.
Amma o, daha iki azərbaycanlı ilə görüşüb və birlikdə fərqli bölgələrdəki keçid məntəqələrindən Rusiyaya keçməyi planlaşdırıblar.
Gecə saatlarında miqrantlar Qorbuneşnoye kəndi yaxınlığında yaradılmış nəzarət-buraxılış məntəqələrindən yan keçərək Qazaxıstan ərazisindən Kurqan vilayəti ərazisinə keçiblər. Lakin onlar burada Rusiya FSB-nin Kurqan üzrə Sərhəd İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Petuxovski rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər 1 il 5 ay, 1 il 6 ay və 1 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökm qanuni qüvvəyə minib.