Əlyazmalar İnstitutunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

Əlyazmalar İnstitutunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib backend

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən verdiyi məlumata görə, tədbiri açan direktor, akademik Teymur Kərimli iştirakçıları Gənclər Günü münasibəti ilə təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb. Gəncləri gələcəyin memarı adlandıran alim institutun gənc tədqiqatçılarına qarşıya qoyduqları məqsədə nail olmaları üçün sistemli şəkildə işləməyi, intensiv tədqiqat aparmağı tövsiyə edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bu günün ölkəmizdə 1997-ci ildən etibarən Gənclər Günü kimi qeyd olunması ənənəsi gənclər siyasətinin dövlətimizin inkişafının əsas istiqamətlərindən biri olduğunu bir daha sübut edir.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aytən Quliyeva çıxışında həyat yolumuzda nail olacağımız məqsəd və uğurlarımızın təməlinin məhz gənclik illərində qoyulduğunu, gənclik dövrünün ömrün ən məhsuldar mərhələsi olduğunu vurğulayıb. Son dövrlər Azərbaycanda gənclər üçün daha geniş imkanların yarandığını qeyd edən alim, gənclər siyasətinin gənc nəslin hərtərəfli inkişafının, dünya arenasına çıxışının təminatçısı olduğunu diqqətə çatdırıb.

İnstitutun elmi katibi Əzizağa Nəcəfzadə Əlyazmalar İnstitutunda çalışan bir sıra gənc alim və mütəxəssislərin fəaliyyətlərini ayrı-ayrılıqda qeyd edib, onların əməyini yüksək qiymətləndirib. Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin uğurla davam etdirildiyini qeyd edən alim, gənclərimizin ilbəil daha da irəli gedərək, uğurlu elmi nailiyyətlərə imza atdıqlarını vurğulayıb.

Çıxışlardan sonra institutun gənc əməkdaşları - Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aytən Quliyeva institutun elmi-təşkilati, ictimai və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Təşəkkürnamə” ilə, Elektron xidmət şöbəsinin baş mütəxəssisi Səadət Mustafayeva və Əlyazmaların elektron resurslar şöbəsinin mütəxəssisi Arzu Əbilova Cons Hopkins Universitetinin (A.Əbilova həm də Miçiqan Universitetinin) təşkil etdiyi COURSERA (Kursera) kurslarını müvəffəqiyyətlə başa vurduqlarına görə diplomla təltif olunublar.

Tədbir Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının hesabat-seçki iclası ilə davam edib.

 

 

Diaspora