Bu gün Azərbaycan gəncləri ictimai-siyasi həyatın bütün sahələrində aktiv fəaliyyətləri ilə seçilirlər. Ölkəmizdə gənclər siyasəti artıq dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycanda gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Zaqatalada keçirilən “Qalib Azərbaycan gəncləri” mövzusunda tədbirdə səsləndirilib.
Əvvəlcə Ulu Öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Rayon rəhbərliyinin, fəal gənclərin iştirak etdiyi tədbirdə Zaqatala rayonu üzrə gənclər və idman sektorunun müdiri Araz Əliyev çıxış edərək, rayon gənclərinin 2023-cü ildə qazandıqları uğurlar barədə danışıb, gənclərin fəal surətdə dövlət quruculuğu prosesinə cəlb olunduğunu, onlara öz istedad və bacarıqlarını nümayiş etdirmək üçün hərtərəfli şərait yaradıldığını bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycanda dövlət gənclər siyasətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər respublikamıza rəhbərliyinin bütün dövrlərində sağlam gəncliyin, bu dövlətə sahib çıxa biləcək, onu inkişaf etdirəcək nəslin yetişməsinə çalışıb.
Tədbirdə çıxış edənlər Azərbaycanın hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu vurğulayıblar.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, gəncləri əlamətdar bayram münasibətilə təbrik edib, onlara təhsildə, fəaliyyət göstərdikləri sahələrdə yüksək nailiyyətlər arzulayıb.
Rayonun ictimai-siyasi, mədəni və idman həyatında fəal iştirak edən gənclər Zaqatala Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla mükafatlandırılıblar.