18 yaşınadək əlilliyi olan şəxslər üçün 4 yeni sosial xidmət mərkəzi yaradılacaq

18 yaşınadək əlilliyi olan şəxslər üçün 4 yeni sosial xidmət mərkəzi yaradılacaq backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi 18 yaşınadək əlilliyi olan şəxslər üçün yeni sosial xidmət mərkəzləri yaradacaq.

Nazirlikdən Qaziler.az-a verilən məlumata görə, yeni mərkəzlərin Bakının Yasamal rayonunda və Hacıqabul, Göyçay, Ağdam rayonlarında yaradılması nəzərdə tutulub.

Yaxın vaxtlarda istifadəyə veriləcək həmin 4 yeni ixtisaslaşmış sosial xidmət mərkəzində 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə sosial reabilitasiya xidmətləri göstəriləcək. Həmçinin onların valideynlərinin bilik və bacarıqlarının artırılması məqsədilə fəaliyyət və tədbirlər də həyata keçiriləcək.

Məqsəd həmin şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərinin formalaşmasını, çatışmazlıqların korreksiyasını, onların sosial statusunun bərpa edilməsini və cəmiyyətə inteqrasiyasını təmin etməkdir.

Son illərdə Abşeron rayonunda və paytaxtın Sabunçu, Nərimanov rayonlarında belə mərkəzlər yaradılıb və ötən dövrdə bu mərkəzlərdə 650-dək uşağın reabilitasiyası işləri uğurla başa çatıb.

Diaspora