Növbədənkənar prezident seçkiləri ilə əlaqədar müstəsna hallarda yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə və Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft və qaz hasilatı platformalarında (seçicilərin sayı 50-dən artıq olduqda), seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində, azadlıqdan məhrumetmə yerlərində və istintaq təcridxanalarında) seçki məntəqələrinin yaradılması üçün ayrılan müddət başa çatıb.
Apa-nın xəbərinə görə, Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyasının qərarına uyğun olaraq müvafiq qurumların rəhbərlər səsvermə gününə azı 5 gün qalanadək müstəsna hallarda yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə seçki məntəqələrinin yaradılmasını təmin etməlidir.
Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi müstəsna hallarda dairə seçki komissiyaları (müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumları ilə razılaşdırmaqla) Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda yerləşən neft və qaz hasilatı platformalarında (seçicilərin sayı 50-dən artıq olduqda), seçicilərin müvəqqəti olduqları yerlərdə (xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində, azadlıqdan məhrumetmə yerlərində və istintaq təcridxanalarında) seçki məntəqələrinin yaradılmasını da səsvermə gününə azı 5 gün qalanadək təmin etməlidir.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət fevralın 2-dək olan dövrü əhatə edib.