Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib, cari il üçün iş planı təsdiqlənib və müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.
Bu barədə komitədən məlumat verilib.
Kollegiya iclasında Böyük Qayıdışa dair I Dövlət Proqramının prioritet istiqamətləri üzrə tədbirlərin, o cümlədən təbliğat-izahat, məlumatlandırma və maarifləndirmə, icma əsaslı reinteqrasiya tədbirlərinin icra vəziyyəti, işğaldan azad edilmiş ərazilərdə yenidən salınan və bərpa olunan yaşayış məntəqələrinə köçürülmənin gedişi, regional idarəetmə və məcburi köçkünlərin status sənədləri, mövcud mənzil fondunun istismarı və istifadəsi ilə bağlı məsələlər müzakirəyə çıxarılıb. Müvafiq struktur bölmələrin rəhbərlərinin məruzələri dinlənilib, iradlar, rəy və təkliflər səsləndirilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkə rəhbərinin tapşırıqlarının və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün daha böyük məsuliyyətlə çalışmağın vacibliyini vurğulayaraq bildirib ki, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının səmərəli təşkili üzrə müəyyənləşdirilən kompleks tədbirlərin ardıcıllıqla və vaxtında icra edilməsi təmin olunmalıdır.