Yanvarın 27 də Gəncə-Daşkəsən Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin 24 saylı kitabxana filialı Türkdilli dövlətlərin siyasətinə dəstək fondu ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin qurucu liderlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə “Cümhuriyyətin əbədiyaşar lideri M.Ə Rəsulzadə” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirib.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, onlayn formatda keçirilən konfransa Qazaxıstandan parlamentin sabiq deputatı, tanınmış ictimai xadim Əbülfəz Xamedov, Moskvadan hüquq elmləri namizədi Oktay Hüseynov və digərləri qatılıblar.
Tədbirdə Prezident İlham Əliyevin Cümhuriyyətin Lideri M.Ə.Rəsulzadənin anadan olmasının 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladığı qeyd edilib.
Konfransda Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Əməkdar rəssam Rais Rəsulzadə, Milli Məclisin deputatı, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, BDU-nin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli, politoloq, professor Cümşüd Nuriyev, Azərbaycan Milli Konservatoriyanın professoru Abbasqulu Nəcəfzadə, professor Fərrux Rüstəmov, akademik Bayram Apoyev, Türkdilli dövlətlər siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov və Alvina Babayeva çıxış etdilər.
Rais Rəsulzadə çıxışında M.Ə.Rəsulzadənin anadan olmasının 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncama görə dərin minnətdarlığını bildirib.
Çıxış edənlər M.Ə.Rəsuldanənin keşməkeşli həyatından və müqəddəs amalı uğrunda ömrünün sonuna qədər mübarizə aparmasından danışıblar.
Çıxışlardan sonra Goranboy rayon Mahmud Zeynalov adına tam orta məktəbin 8 sinif şagirdi Məryəm Nəsibli Xalq şairi Nəriman Həsənzadənin M.Ə.Rəsulzadəyə həsr etdiyi “Ankarada M.Ə.Rəsulzadənin məzarı” adlı şeirini söyləyib.
Sonda Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.