Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən vətəndaşların nazirliyə müraciət imkanlarının genişləndirilməsi, hər bir müraciətin obyektiv və ədalətli şəkildə araşdırılması, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.
Son bir ildə nazirliyin 142-“Çağrı mərkəzi”nin fəaliyyəti müasir tələblərə uyğun qurulmaqla, müraciətlərin qəbulu, avtomatik qeydiyyatı və aidiyyəti üzrə yönləndirilərək operativ cavablandırılması sisteminin texniki infrastrukturunun təkmilləşdirilməsi üçün müvafiq işlər aparılıb. Bu sahəyə məsul əməkdaşların sayı artırılmaqla, nazirlik rəhbərliyinin “Çağrı mərkəzi” tərəfindən göstərilən xidmətin keyfiyyətinə mütəmadi nəzarət etməsi üçün xüsusi monitorlar quraşdırılıb, həmçinin “Çağrı mərkəzi”nin proqram təminatı ayrı-ayrı qurumların informasiya ehtiyatlarına inteqrasiya olunub. Cari ilin yanvar ayında 142-“Çağrı mərkəzi”nə 5352 ədəd müraciət daxil olub ki, onlardan 2496 ədədi (46,6 faiz) sosial təminat, 389 ədədi (7,2 faiz) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 285 ədədi (5,3 faiz) məşğulluq, 2182 ədədi (40,7 faiz) əmək qanunvericiliyinə dair məsələləri əhatə edib.Bununla yanaşı, nazirliyin qəbul otağında vətəndaşların rahat şəkildə müraciət etmələri və onların müraciətlərinin məzmununa uyğun olaraq nazirliyin müvafiq əməkdaşları tərəfindən qəbul edilmələri üçün normal şərait yaradılıb. Qəbul otağında vətəndaşların ƏƏSMN-nin 30 dekabr 2014-cü il tarixli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər vəzifəli şəxslərinin 2015-ci il üzrə vətəndaşları qəbul Qrafiki” əsasında nazir, nazir müavinləri, aparat rəhbəri və nazirliyin digər məsul şəxsləri tərəfindən qəbulu həyata keçirilir. Həmin qrafik ƏƏSMN-nin rəsmi internet saytının (www.mlspp.gov.az) “Vətəndaşlar üçün” bölməsində də yerləşdirilib.
Ötən ay nazirliyin qəbul otağına müraciət edən vətəndaşların sayı 898 nəfər təşkil edib ki, bu da ötən ilin yanvar ayı ilı müqayisədə 6,5 faiz azdır. Müraciətlərin 17,2 faizi sosial təminat, 18,9 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 21,2 faizi məşğulluq, 8,4 faizi əmək qanunvericiliyi, 34 faizi isə digər məsələlərlə əlaqədar olub. Ötən ay qəbul otağına müraciət edən 19 nəfər vətəndaş nazir, 26 nəfər vətəndaş nazir müavinləri və aparat rəhbəri, 853 nəfər vətəndaş isə nazirliyin aidiyyəti məsul şəxsləri tərəfindən qəbul edilib. Habelə yanvar ayında “Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü il ərzində respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafiki”nə uyğun olaraq, nazir tərəfindən Abşeron rayonunda keçirilən vətəndaş qəbulu zamanı 4 rayon və şəhər üzrə 28 nəfər vətəndaş qəbul olunub. ƏƏSMN-nin rəsmi facebook səhifəsi vasitəsilə də vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar sorğu xarakterli müraciətlərinin cavablandırılması təmin edilir. Təkcə ötən ay bu səhifədə 86 müraciət aidiyyəti üzrə cavablandırılıb.
Ümumilikdə ƏƏSMN-də hər bir vətəndaş müraciəti obyektiv və ədalətli şəkildə araşdırılaraq qanuna uyğun olaraq cavablandırılır, sorğu xarakterli müraciətlərlə əlaqədar vətəndaşlara müvafiq izahatlar verilib.