DOST mərkəzlərində 2 milyonuncu vətəndaşa xidmət göstərilib

DOST mərkəzlərində 2 milyonuncu vətəndaşa xidmət göstərilib backend

DOST mərkəzlərində xidmət göstərilən vətəndaşların sayı 2 milyona çatıb. 2 milyonuncu vətəndaşa Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST mərkəzində xidmət göstərilib.

Qaziler.az xəbər verir ki, həmin vətəndaş şəhid Hidayət Vəliyevin bacısı Vəliyeva Solmaz İsa qızı olub və o, müraciətinə uyğun DOST xidməti ilə təmin edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov S.Vəliyeva ilə görüşərək onu DOST mərkəzlərində xidmət göstərilən 2 milyonuncu vətəndaş olması münasibəti ilə təbrik edib, ona simvolik hədiyyə təqdim edib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 7 DOST mərkəzi açılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 159 sosial xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasına imkan verib.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST mərkəzlərində göstərilən xidmətlər barədə məlumat verib, vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsinin 98,1 faiz olduğunu bildirib.

S.Vəliyeva DOST mərkəzində müraciətinin operativ və müsbət cavablandırılmasından, ümumən göstərilən DOST xidmətlərindən məmnunluğunu ifadə edib.

Qeyd edək ki, artıq Bakı şəhəri, Abşeron rayonu, eləcə də Bərdə, Tərtər, Ağdam, Şuşa, Ağcabədi, Xocalı, Füzuli, Xocavənd rayonları və Xankəndi şəhəri DOST xidmətləri ilə əhatə olunub. Qarabağ Regional DOST mərkəzində ötən dövrdə artıq 24 minə yaxın vətəndaşa xidmət göstərilib. Hazırda DOST xidmətləri şəbəkəsinin digər bölgələrimiz üzrə də genişləndirilməsi üçün işlər aparılır.

Diaspora