Gəncədə məktəbin önündə şagirdi bıçaqlayan şəxs tutulub

Gəncədə məktəbin önündə  şagirdi bıçaqlayan şəxs tutulub backend

Gəncədə məktəbin qarşısında şagirdi bıçaqlayaraq öldürən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2007-ci il təvəllüdlü R. Rəhimovun kəsici-deşici alətlə xəsarət alması və həmin xəsarətdən ölməsi barədə məlumat daxil olub.

Onun sözlərinə görə, məlumat ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F.Şabanov saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

*****

Gəncədə bıçaqlanaraq qətlə yetirilən 11-ci sinif şagirdi Raul Rəhimovun dərsə davamiyyəti yaxşı olub.

"Report"un Qərb bürosunun məlumatına görə, o, səhər saatlarında dərsə gedən zaman məktəbin qarşısında 1 bıçaq zərbəsi ilə ağır xəsarət alıb.

Məktəbli ağır halda Gəncə şəhər 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlərin göstərdikləri yardımlara baxmayaraq, o ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən Fərid adlı şəxsin yaxınlarından biri 8 nömrəli məktəbin əməkdaşı olub, sonradan yaşla əlaqədar işindən çıxıb. Hadisəni törədən şəxsin digər məktəblərdən birində oxuduğu bildirilir.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Diaspora