Antiterror tədbirləri zamanı şəhid olan Vüsal Barat oğlu Sumbatzadənin övladı dünyaya gəlib.
Bu barədə “YAŞAT” Fondundan məlumat verilib.
Bildirilib ki, “YAŞAT” Fondunun “Onlar bizə əmanət” layihəsi davam edir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanımız Vüsal Sumbatzadə Barat oğlunun Bakı şəhərində doğulan övladı Kənanın zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə 1 000 AZN vəsait ananın hesabına köçürüləcək. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.
Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.
“Onlar bizə əmanət” layihəsi indiyədək 115 şəhid övladını əhatə edib.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.