Alimimiz beynəlxalq tədbirdə çıxış edib

Alimimiz beynəlxalq tədbirdə çıxış edib backend

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımovun QAZİLER.AZ-a verdiyi məlumata görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyibli 5-8 oktyabr 2015-ci il tarixində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş, görkəmli Rusiya arxeoloqu Aleksandr Millerin 140 illiyinə həsr olunmuş “Qafqaz Şərqi Avropa ilə Ön Asiya arasında əlaqələndirici kimi: mədəniyyətlərin dialoqu, dialoq mədəniyyəti” adlı beynəlxalq elmi konfransda iştirak etmişdir.

Rusiya EA Maddi Mədəniyyət Tarixi İnstitutu, Dövlət Ermitajı və Almaniya Arxeologiya İnstitutu tərəfindən təşkil edilmiş konfransda Rusiya, Almaniya, Avstraliya, İtaliya, Polşa, Slovakiya, Gürcüstan və Moldovadan alimlər iştirak etmişlər. Müzakirə edilən elmi problemlərin xronoloji çərçivəsinin e.ə. IV-II minillikləri əhatə etdiyi konfransda Azərbaycan arxeologiyasını N.Müseyibli təmsil etmişdir. O “E.ə. IV minillikdə Yaxın Şərq-Qafqaz əlaqələri Leylatəpə və Maykop mədəniyyətləri kontekstində” adlı məruzə ilə çıxış etmişdir. Konfransda dinlənilən məruzələrin coğrafi arealı və mövzuları kifayət qədər geniş olsa da başlıca diqqət bir sıra Rusiya və Avropa alimlərinin tədqiqat obyekti olan Şimali Qafqazın Maykop arxeoloji mədəniyyətinə, onun mənşəyi və inkişaf mərhələlərinin tarixinə yönəlmişdir. Heç də təsadüfi deyildir ki, konfransın simvolu kimi məhz Böyük Maykop kurqanından aşkar edilmiş qızıl əşyalar seçilmişdir. Bu baxımdan N.Müseyiblinin məruzəsi maraqla qarşılanmışdır.

O öz məruzəsində 100 ildən artıq bir müddətdə tədqiq edilən, mənşəyi barədə müxtəlif fikirlərin irəli sürüldüyü Maykop mədəniyyətinin köklərinin e.ə. IV minillikdə Azərbaycanda yayılmış Leylatəpə mədəniyyəti ilə bağlı olduğunu və bu faktın təkzibedilməz arxeoloji faktlara əsaslandığını konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. N.Müseyibli bildirmişdir ki, Leylatəpə mədəniyyəti əhalisinin Şimali Qafqaza miqrasiyası nəticəsində orada Maykop mədəniyyəti təşəkkül tapmışdır.

Diaspora