Xəbər verdiyimiz kimi, Şəkidə eramızdan əvvəl II-IV əsrlərə aid olan kurqanda qanunsuz qazıntı işləri aparılmışdı. Baş verən hadisə ilə bağlı QAZİLER.AZ saytı Şəki şəhərində işləyən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqu İntizar Bədəlova ilə əlaqə saxlayaraq məlumat əldə etmişdi. Şəki Şəhər-Rayon polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, rayonun Cəfərabad kəndinin inzibati ərazisində yerləşən, eramızdan əvvəl II-IV əsrlərə aid olan kurqanda qanunsuz qazıntı işləri aparılması ilə bağlı cinayət işi başlayıb, təhqiqat bölməsi tərəfindən araşdırmalar aparılır. Faktla bağlı hələ ki, saxlanılan yoxdur.
Qeyd edək ki, kurqanda naməlum şəxslər oktyabrın 9-u gecə ağır texnika ilə qanunsuz qazıntı işləri aparıb. Kurqanın diametri 12 metrdən çox olan zireh hissəsi dağıdılıb, lakin dəfn çalasına toxunulmayıb. Ehtimal edilir ki, kurqanda qanunsuz qazıntı işləri aparan şəxslər orada qızıl axtarıblar.
