1990-cı ilin qanlı 20 Yanvar gecəsinin 34-cü ildönümü Bakı metropolitenində xüsusi tədbirlərlə qeyd edilir. Xalqımızın azadlıq tarixində mühüm yeri olan o müdhiş gecəni adında əbədiləşdirən “20 Yanvar” stansiyasının tərtibat işləri gecə növbəsində səhər saatlarına qədər yekunlaşdırılıb.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, stansiyada platformanın sütunlarına qərənfillərdən çələnglər qoyulub. Platformanın əsas giriş vestibülünün ön hissəsində üzərinə “20 Yanvar. Unutmadıq, unutmayacağıq” ifadələri yazılmış qərənfillərdən kompozisiya yerləşdirilib. Şəhidlərimizin əziz xatirəsinə xüsusi ehtiramın əlaməti kimi günorta saatlarına qədər platformada hər iki stansiya yolu boyunca işçilərdən ibarət qarovul dəstəsi düzülüb.
Stansiyanın hər iki vestibülündə 1990-cı ilin 20 yanvar gecəsinin və 1994-cü ilin 19 mart terroru qurbanlarının adları həkk olunmuş xatirə lövhələri olan divarlara qərənfillərdən çələnglər yerləşdirilib.
Bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi vasitəsilə vətənpərvərlik mövzusunda musiqi parçaları və marşlar səslənir. Qatarlarda stansiyaların elanları ənənəvi musiqi parçaları və radioinformator elanı ilə deyil, maşinistlər tərəfindən səsləndirilir.
Saat 12:00-da tunellərdəki bütün qatarlar stansiyalara çıxarılacaq və ölkə ərazisində olduğu kimi, stansiyalarda da fasiləsiz fit səsi ilə müşayiət edilən sükut dəqiqəsi olacaq. Ənənəsinə sadiq qalan kollektiv anım dəqiqəsini “20 Yanvar” stansiyasının platformasında sərnişinlərin və buraya gəlmiş ictimaiyyət nümayəndələrinin əhatəsində qeyd edəcək.
Hər il olduğu kimi, “Bakı Metropoliteni” QSC-nin kollektivinin nümayəndələri gün ərzində Şəhidlər xiyabanını ziyarət edir, Azərbaycanın azadlıq salnaməsinin qəhrəmanlarının məzarları önünə gül dəstələri qoyur, ruhlarına dualar oxuyurlar. 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə qətlə yetirilmiş Bakı metropoliteninin iki əməkdaşı - “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov Şəhidlər xiyabanında uyuyur.