Yanvarın 19-da Beynəlxalq Avrasiya Mətbuat Fondunda fevral 7-də Azərbaycanda keçiriləcək Prezident seçkilərində ölkə üzrə müşahidəçi kimi iştirak edəcək heyəti ilə növbəti görüşü keçirilib.
Qaziler.az Ednews-a istinadla xəbər verir ki, BAMF-ın baş ofisində baş tutan görüşdə təşkilatın müstəqil müşahidəçi heyətinin bir hissəsi iştirak edib. BAMF prezidenti Umud Mirzəyev tərəfindən müşahidəçilərin vəsiqələri onlara təqdim edilib.
U.Mirzəyev seçki prosesi, müşahidəçilərin hüquq və vəzifləri haqqında danışıb:
“Bu günkü görüşümüzdə 50 nəfərlik müstəqil müşahidəçi komandamız üçün Seçki Komissiyasından verilən vəsiqələri təqdim edəcəyik. BAMF müşahidəçiləri Respublika ərazisi üzrə ölkənin bütün yerlərində müşahidə aparacaq. 7 fevral Azərbaycanda növbədənkənar Prezident seçikləri keçiriləcək. Yanvarın 15-dən ölkə üzrə təbliğat-təşviqat işlərinə başlanıb. Eyni zamanda Prezident seçkiləri öncəsi QHT-lərin ciddi şəkildə təşkilatlanması və koalisiyalarda birləşməsi müşahidə olunur. Bunlar “Mənim səsim” Seçki Monitorinq Koalisiyası, Sivil Toplum Monitorinq Koalisiyası, Seçki Müşahidə və Təhlil Qrupu Koalisiyasıdır”.
Umud Mirzəyev seçki günü BAMF-ın müşahidəçilik fəaliyyətinin vahid bir mərkəzdən koordinasiya olunacağını deyib:
“Seçki günü müşahidəçilərimiz tərəfindən mütəmadi olaraq obyektiv məlumatlar toplanacaq və yayılacaq. Sonda isə Prezident seçkisi ilə bağlı yekun hesabat hazırlanacaq. Bu yekun hesabat beynəlxalq təşkilatlara da göndəriləcək”- deyə bildirib.
O, Mərkəzi Seçki Komissiyasının müşahidəçilərlə bağlı qəbul etdiyi qaydaları bir daha xatırladıb:
41.1.1 seçki prosesinə bir namizədin və ya siyasi partiyanın mənafeləri naminə təsir göstərilməməlidir.
41.1.2. müşahidə edilən hərəkətlərə aid olan bütün hallar və faktlar nəzərə alınmalıdır;
41.1.3. müşahidə açıq aparılmalıdır;
41.1.4. müşahidənin yekunları faktlara əsaslanmalıdır.
Qeyd edək ki, BAMF-ın müşahidəyə cəlb etdiyi əməkdaşların heç birinin siyasi mənsubiyyəti yoxdur.
Xatırladaq ki, 2008 və 2013-cü illərdə Seçki koalisayalarının yaradılmasında birbaşa iştirak edən BAMF digər illərdə keçirilən seçkilərdə də aktiv fəaliyyəti ilə seçilib.
Təşkilat 18 fərqli şəhər (rayon) olmaqla 25 dairədə öz müşahidəçilik missiyasını yerinə yetirməyə çalışacaq. Burada paytaxt Bakı ilə yanaşı Xankəndi, Şuşa, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Tərtər, Bərdə, Goranboy, Naftalan, Gəncə, Samux, Beyləqan, Kürdəmir, Hacıqabul, Xırdalan və Sumqayıt kimi böyük şəhərlərimiz də vardır.