Prezident İlham Əliyevin ölkə vətəndaşlarının 2015-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncamına əsasən, Beyləqan rayonunda gənclərin növbəti hərbi xidmətə yolasalma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən təntənəli mərasimdə Beyləqan Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, hərbi qulluqçular, Qarabağ müharibəsi veteranları, çağırışçıların valideynləri iştirak ediblər.Çağırışçı gənclər əvvəlcə ulu öndər Heydər Əliyevin abisəsi önünə tər çiçəklər düzərək, xatirəsini ehtiramla yad ediblər. Azərbaycanın Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər gəncləri hərbi xıdmətə yola düşmələri münasibətilə təbrik edərək, Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə edib, ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan, Azərbaycan əsgərlərinin mərdlik və şücaətindən danışıblar.
Çağırışçılar hərbi xidmətə yollanmaqdan fəxr duyduqlarını deyərək, Vətənə layiqincə xidmət edəcəklərini, Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olacaqlarını bildiriblər.
Gənclər müqəddəs “Qurani-Kərim”ə və Dövlət Bayrağımıza ehtiramlarını bildirərək, həqiqi hərbi xidmətə yola düşüblər.