2015-ci il üçün Nobel Sülh mükafatı “Tunisdə milli dialoq Kvarteti” təşkilatına verilib.
Bunu oktyabrın 9-da Osloda Norveç Nobel Komitəsinin sədri Karin Sisille Kullmann Five elan edib. İnformasiyaya görə, “Kvartet” bu mükafata 2011-ci ildə Tunisdə baş verən inqilabdan sonra ölkədə milli dialoqun və plüralist demokratiyanın yaradılmasına töhfəsinə görə layiq görülüb.
Nobel Komitəsinin yaydığı mətbuat üçün məlumatda vurğulanır ki, “Kvartet”ə Tunis vətəndaş cəmiyyətinin dörd mühüm təşkilatı daxildir. Tunis vətəndaşları, siyasi partiyaları və hakimiyyət orqanları arasında dialoq məhz bu təşkilat sayəsində mümkün olub. Təşkilat 2013-cü ildə - “demokratikləşmə prosesləri siyasi qətllər və vətəndaş etirazları dalğası nəticəsində dağılmaq təhlükəsi ilə üzləşəndə” yaranıb.
Məlumatda deyilir: “Kvartet” geniş əhatəli milli dialoq sayəsində Tunisdə zorakılıq dalğasını dayandıra bilib. Onun rolu Alfred Nobelin öz vəsiyyətində barəsində yazdığı sülh konqreslərinin funksiyalarına oxşayır”.
Norveç Nobel Komitəsinin sədri Karin Sisille Kullmann Five vurğulayıb ki, mükafat ayrılıqda təşkilatlara və üzvlərə deyil, məhz vasitəçilər Kvartetinə təqdim olunur. Danışıqlar qrupunda Tunis Ümumi Əmək Birliyi, Tunis Sənaye və Ticarət Konfederasiyası, Tunis İnsan Hüquqları Liqası və Tunis Vəkillər Assosiasiyası təmsil olunub.
Qeyd edək ki, laureatların mükafatlandırılması mərasimləri həmişə eyni gündə, mükafatların banisinin vəfat etdiyi gün – dekabrın 10-da Stokholm və Oslo şəhərlərində keçirilir. fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahələrində mükafatların təqdim edilməsi mərasimləri Stokholmda keçirilir. Nobel Sülh mükafatı isə Oslo Şəhər Ratuşasında təqdim olunur. Builki Nobel mükafatlarının hər birinin məbləği 8 milyon İsveç kronu (953 min dollar) təşkil edir.