Oktyabrın 9-da Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov Beynəlxalq Memarlar İttifaqları Assosiasiyasının Bakıda keçirilən IV konfransının iştirakçıları və II Bakı Beynəlxalq memarlıq müsabiqəsinin münsiflər heyətinin üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini Abid Şərifov qonaqlara ölkəmizdə aparılan tikinti-quruculuq işləri barədə məlumat verib. O bildirib ki, son illərdə Azərbaycanda tikinti sahəsi sürətlə inkişaf edir, yerli şirkətlər rəqabətədavamlı məhsullar istehsal edir, regionların inkişafı üzrə həyata keçirilən dövlət proqramlarına müvafiq olaraq ölkəmizdə yüksək keyfiyyətli magistral yollar tikilir. Baş nazirin müavini məşhur memarlarla görüşdən məmnun olduğunu bildirib və xatırladıb ki, Bakıda tez-tez beynəlxalq tədbirlər keçirilir. A.Şərifov deyib ki, bu qədər çoxsaylı məşhur memarların ilk dəfə bir yerə toplaşdığı bugünkü tarix yaddaqalan olacaq.
Son illərdə paytaxtda ucaldılmış möhtəşəm tikililərdən söhbət açan Abid Şərifov bu il Bakıda keçirilən birinci Avropa Oyunları üçün yaradılan idman qurğularını xüsusi qeyd edib. Bu məqsədlə yaradılan bütün idman qurğularının inşasına və ya yenidən qurulmasına cəmi 2,5 il vaxt sərf edildiyini bildirən Baş nazirin müavini Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində Prezident İlham Əliyevin səylərini xüsusi vurğulayıb. O deyib: “Xarici ekspertlər bu sahədə görülmüş işin nəticələrinə və keyfiyyətinə heyran olduqlarını bildirərək deyirdilər ki, hər hansı başqa ölkədə bunun üçün 5-7 il vaxt lazım olardı”.
Azərbaycan, Rusiya, Türkmənistan, Belarus, Qazaxıstan və digər ölkələrin memarlar ittifaqlarının prezidentlərinin daxil olduğu nümayəndə heyətinin üzvləri konfransın yüksək səviyyədə təşkil olunmasına görə təşəkkür edərək bildiriblər ki, Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə Beynəlxalq Memarlar İttifaqları Assosiasiyasının prezidenti seçilib. Qonaqlar Bakının inkişafına heyran olduqlarını bildiriblər. Heydər Əliyev Mərkəzi, Olimpiya Stadionu, Avropa Oyunları ilə əlaqədar tikilmiş idman qurğuları onları xüsusilə valeh edib.
Görüşdə bildirilib ki, Bakıda II Beynəlxalq memarlıq müsabiqəsi keçirilir. Dünyanın 37 ölkəsini təmsil edən memarların qoşulduğu müsabiqəyə 250 layihə təqdim olunub.