Qarabağ qazisindən Zakir Nuriyevə sərt REAKSİYA: "Yığışdırın ayrı-seçkilik etməyi!"

Qarabağ qazisindən Zakir Nuriyevə sərt REAKSİYA: "Yığışdırın ayrı-seçkilik etməyi!" backend

“Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat rəhbəri, Qarabağ qazisi Rey Kərimoğlu “Azərbaycan Banklar Assosiasiyası”nın sədri Zakir Nuriyevin Vətən müharibəsi qazilərinin borclarının silinməsi ilə bağlı açıqlamasına sərt reaksiya verib.

Qaziler.az xəbər verir ki, Qarabağ qazisi bu barədə feysbuk səhifəsində paylaşım edib. O, qazilər və şəhidlər arasında ayrı-seçkiliyə son qoyulmasını tələb edib.

“Ayıbdır! Yığışdırın qazilər və şəhidlər arasında dövrlərə görə ayrı-seçkilik etməyi! "Azərbaycan Banklar Assosiasiyası"nın sədri Zakir Nuriyev də qoşuldu bu zərərli işə. "44 günlük müharibə", "Antiterror əməliyyatı", filan, bəhmən... 90-97-ci illərdə, 2014-2016-cı illərdə döyüşüb şəhid və ya qazi (həm də veteran) olanlar kim olur bəs?”.

Rey Kərimoğlu saytımıza bildirdi ki, təkcə bu qurum deyil, Azərbaycanda böyük əksəriyyət - nazirliklər, agentliklər, komitələr, dövlət qurumları və şirkətlər qazilərimizə qarşı bu cür yanlış yanaşma edirlər: "Qazilərimiz hər hansı problemlərini bildirəndə, soruşurlar ki, sən birinci Qarabağ müharibəsi qazisisən, yoxsa ikinci? Bu cür ayrı-seçkiliyi yığışdırmaq lazımdır!"

"Zakir Nuriyev qeyd edib ki, bir sıra əlavə müraciətlər əsasında mövcud borcların silinməsi həyata keçiriləcək. Əlbəttə, yaxşı haldır, belə addımları yüksək qiymətləndiririk, amma ayrı-seçkilik etmək lazım deyil. Bu güzəştlər edilirsə, müharibə iştirakçılarının hamısına edilsin", - deyə Rey Kərimoğlu sonda vurğulayıb.

Qeyd edək ki, bu gün “Azərbaycsn Banklar Assosiasiyası”nın sədri Zakir Nuriyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan bankları bir sıra əlavə müraciətlər əsasında Vətən müharibəsi qazilərinin kredit borclarını siləcək.

QAZİLER.AZ

Diaspora