Azərbaycanda internet xidmətlərinin keyfiyyət göstəriciləri təsdiq edildi

Azərbaycanda internet xidmətlərinin keyfiyyət göstəriciləri təsdiq edildi backend

“Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən, internet xidmətlərinin keyfiyyət göstəriciləri” təsdiq edilib.

Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev qərar imzalayıb.

Qərara əsasən, “Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri” təsdiq edilib.

Hüquq şöbəsinə tapşırılıb ki, bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün üç gün müddətində Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən, internet xidmətlərinin keyfiyyət göstəriciləri

Ümumi müddəalar

“Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri” (bundan sonra – Sənəd) “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.5-ci və 34.1.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.40-cı yarımbəndinə əsasən hazırlanıb.

Bu sənəd rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətləri, o cümlədən internet xidmətləri üzrə keyfiyyət göstəricilərini müəyyən edir.

Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyənləşdirilmiş hədlərdə müvafiq beynəlxalq standartlara, Beynəlxalq Telekommunikasiya İttifaqı, Avropa Telekommunikasiya Standartları İnstitutunun tövsiyələrinə uyğun hazırlanıb,

Əsas anlayışlar

Bu sənəddə istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

xidmət keyfiyyəti – rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin istifadəçisinin ehtiyaclarını ödəmək qabiliyyətinə əsaslanan xüsusiyyətlərin məcmusu;

xidmət keyfiyyəti göstəricisi – xidmət keyfiyyətinin ölçülə bilən dəyəri.

Bu sənəddə istifadə olunan digər anlayışlar “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən olunmuş mənaları ifadə edir.

Məqsədlər

Bu sənədin əsas məqsədləri aşağıdakılardan ibarətdir:

xidmət keyfiyyəti göstəricilərinin başa düşülən və tətbiq oluna bilən olması;

xidmət keyfiyyəti üzrə məlumatların yetərli, təfərrüatlı, müqayisə oluna biləcək və əlçatan olması;

xidmət keyfiyyəti göstəricilərinin eyni xidmət üzrə bütün bazar iştirakçıları üçün eyni olması;

xidmət keyfiyyətinin dəyişən şərtlər çərçivəsində beynəlxalq standartlara uyğun olması;

rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətləri istifadəçilərinin maraqlarının qorunması, müştəri məmnuniyyətinin artırılması;

eyni mövqedə olan istifadəçilər arasında ayrı-seçkiliyə yol verilməməsi, eyni xidmətin eyni mövqedə olan istifadəçilərə eyni xidmət keyfiyyəti səviyyəsində təqdim edilməsi;

 

xidmət keyfiyyətinin inkişafında ixtisaslaşdırılmış təcili yardım xidməti ilə əlaqənin təmin edilməsi və əlilliyi olan şəxslərin ehtiyacı kimi xüsusi hallara diqqət edilməsi;

xidmət keyfiyyətinin ölçülməsi yolu ilə xidmətlərin göstərilməsində çatışmazlıqların müəyyən edilməsi və onların aradan qaldırılması üzrə müvafiq tədbirlərin görülməsi;

xidmət keyfiyyətinin tələb olunan səviyyədən yuxarı olmasının təmin edilməsi;

istifadəçinin rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətləri, o cümlədən internet xidmətlərini və həmin xidmətləri təqdim edən sahibkarlıq subyektini sərbəst və məlumatlı şəkildə seçməsinin təmin edilməsi üçün xidmət keyfiyyəti haqqında məlumatların şəffaf və əlçatan olması;

rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətləri, o cümlədən internet xidmətlərini təqdim edən sahibkarlıq subyektlərinin xidmət keyfiyyəti barədə reklam məlumatlarının dəqiqliyinə nail olunması;

rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlər, o cümlədən internet xidmətləri bazarlarında mövcud vəziyyətin təhlil edilməsi;

rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətləri, o cümlədən internet xidmətlərini təqdim edən sahibkarlıq subyektləri arasında sağlam rəqabət mühitinin yaradılması və qorunması.

Əsas prinsiplər

Xidmət keyfiyyətinin əsas prinsipləri aşağıdakılardır:

operativlik – rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərə, o cümlədən internet xidmətlərinə qoşulmaq üçün müraciət olunduqdan sonra xidmət təqdim edən sahibkarlıq subyektlərinin operativ şəkildə xidmətə qoşulmanı təmin etməsi üçün müddətin müəyyən olunması;

dəqiqlik – Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (bundan sonra - Nazirlik) təqdim olunan və ya yayımlanan məlumatın dəqiq olması;

dayanıqlılıq – rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətləri, o cümlədən internet xidmətlərini təqdim edən sahibkarlıq subyektlərinin xidmətlərin dayanıqlı və fasiləsiz işləməsinə əmin olması;

əlçatanlıq – rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətləri, o cümlədən internet xidmətlərini təqdim edən sahibkarlıq subyektləri tərəfindən coğrafi ərazi, qiymət və sair amillərdən asılı olmayaraq, məlumatlardan və xidmətlərdən istifadə etmək imkanının təmin edilməsi;

şəffaflıq – rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətləri, o cümlədən internet xidmətlərini təqdim edən sahibkarlıq subyektləri tərəfindən həyata keçirilən əməliyyatların şəffaf və hesabatlı olması;

ayrı-seçkiliyin olmaması – rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətləri, o cümlədən internet xidmətlərini təqdim edən sahibkarlıq subyektlərinin bütün istifadəçilərə eyni şərtlərlə və eyni keyfiyyətlə xidmət göstərməsi;

etibarlılıq – xidmət keyfiyyəti barədə təqdim olunan məlumatın dəqiq olması və bu məlumat mənbəyinin təsdiq olunması;

informasiyanın tamlığı – xidmət keyfiyyəti barədə informasiyanın dəqiq, dolğun, hərtərəfli və bütöv olması;

məsuliyyətlilik – xidmət keyfiyyəti göstəricilərinə riayət olunması, eləcə də xidmətlərin keyfiyyət gostəricilərinin dəyərinin tələblərə uyğun və ya ondan yuxarı səviyyədə olmasının təmin edilməsi;

konfidensiallıq – xidmət keyfiyyəti barədə proseslərdə yalnız müqavilə tərəfi olan istifadəçilərin məlumatlılığının təmin edilməsi;

təhlükəsizlik – informasiyanın tamlığının, əlçatanlığının, konfidensiallığının və mötəbərliliyinin mühafizə edilməsi.

Diaspora