Müdafiə naziri şəxsi heyəti təbrik etdi

Müdafiə naziri şəxsi heyəti təbrik etdi backend

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəxsi heyəti təbrik edib.

QAZİLER.AZ  Axar.az-a istinadən nazitin təbrikini təqdim edir:

 

“Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, əzmli və iradəli olmağınızı arzulayıram.

Ölkəmizin inkişafında prioritet istiqamətlərdən hesab edilən Azərbaycan Ordusunun hərbi qüdrətinin gündən-günə artırılması respublikamızın müdafiəsinə və təhlükəsizliyinin təminatına möhkəm zəmin yaratmışdır. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artmışdır.

Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, keçirilən təlimlər, düşmənin təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirərək 2020-ci il Azərbaycan Ordusunun tarixinə Zəfər ili kimi yazıldı. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq qələbə və həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində düşmən işğalında qalmış tarixi torpaqlarımız azad olundu. Xankəndi şəhərində keçirilən 8 Noyabr - Zəfər Gününə həsr olunmuş Zəfər Paradı gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyini bir daha təsdiq etdi.

Dövlət müstəqilliyimizin əsas atributlarından biri sayılan üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad edilmiş ərazilərdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirməklə yenidənqurma-bərpa işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, böyük qayıdışa layiqli töhfələrini verməkdədir.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

Hərbi Anda sədaqətə, çətin və şərəfli xidmətdə fədakarlığa görə hər birinizə minnətdarlığımı bildirirəm. Hər zaman olduğu kimi bu bayram günlərində də Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edir, unudulmaz xatirələrini əziz tuturuq.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər birinizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!"

 

 

Diaspora