9 oktyabr 1874-cü ildə İsveçrənin Bern şəhərində dünyanın 22 ölkəsinin iştirakı ilə keçirilmiş toplantıda Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaradılması haqda razılığa gəlinib və vahid beynəlxalq poçt qaydaları müəyyən edilib. İKT.lent.az-ın mincom.gov.az-a istinadən xəbərinə görə, 1969-cu ildə Yaponiyada keçirilmiş ÜPİ-nin Konqresində 9 oktyabr tarixinin Ümumdünya Poçt günü kimi qeyd olunması barədə qərar qəbul edilib.
Yarandığı vaxtdan ötən illər ərzində çox böyük tarixi inkişaf yolu keçmiş Ümumdünya Poçt İttifaqı hazırda dünyanın 193 ölkəsini üzv-ölkə kimi özündə birləşdirməklə təkcə poçt sahəsində deyil, həm də bütün beynəlxalq aləmdə vacib rolu olan və digər beynəlxalq təşkilatlarla sıx əlaqəli şəkildə fəaliyyət göstərən bir quruma çevrilib. ÜPİ həm də siyasi bir təşkilat olmaqla BMT-nin xüsusiləşdirilmiş idarəsi kimi fəaliyyət göstərir.Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir çox beynəlxalq təşkilatlarla yanaşı, 1993-cü ildən ÜPİ üzvlüyünə qəbul olunub və hazırda tamhüquqlu üzv kimi fəaliyyət göstərir. Müstəqil ölkə kimi ÜPİ üzvü olduğu qısa zaman ərzində Azərbaycan poçtu ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi, çox sürətli inkişaf yolu keçmiş və öz fəaliyyətinin ÜPİ-nin müəyyən etdiyi beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində mühüm uğurlar əldə edib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan Poçt müdiriyyəti ÜPİ orqanlarındakı fəal iştirakının və gərgin əməyinin nəticəsi olaraq ÜPİ-nin mötəbər orqanlarında - Administrativ Şurada 8 il, Poçt İstismarı Şurasında isə 4 il üzv-ölkə kimi fəaliyyət göstərib.