Bu gün Daxili İşlər Nazirliyində (DİN) Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında şəhidlik zirvəsinə ucalmış əməkdaşların ailə üzvlərinə, həmçinin qarşıya qoyulan tapşırıqların icrasında fərqləndiklərinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup əməkdaşa dövlət mükafatlarının təqdim olunmasına həsr olunmuş tədbir keçirilib.
DİN-dən verilən məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Müzəffər Ali Baş Komandan İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən silahlı qüvvələrimizin, o cümlədən DİN-in hərbi qulluqçularının Vətən müharibəsində şərəfli döyüş yolu keçdiyini vurğulayıb.
Hərbi qulluqçularımızın Murovdağdan Şuşaya qədər gedən döyüşlərdə iştirak etdiyini qeyd edən nazir torpaqların azad olunması zamanı şəxsi heyətdən 66 nəfərin şəhidlik zirvəsinə ucaldığını, 346 nəfərin yaralandığını qeyd edərək, 4 hərbi qulluqçunun “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldüyünü, minlərlə hərbi qulluqçumuzun isə orden və medallarla təltif olunduğunu diqqətə çatdırıb.
General-polkovnik V.Eyvazov Vətən müharibəsində olduğu kimi bu ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirləri zamanı Daxili İşlər Nazirliyinin 20 əməkdaşının şəhid olduğunu, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi zamanı hərbi qulluqçuların, eləcə də polis əməkdaşlarının yüksək peşəkarlıq göstərdiklərini, şəxsi heyətin bundan sonra da Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır olduğunu bildirib.
Sonra nazir V.Eyvazov antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış polis əməkdaşlarının və hərbi qulluqçuların ailə üzvlərinə, döyüş tapşırıqlarının icrası zamanı fədakarlıq göstərən, eləcə də xidməti vəzifələrin öhdəsindən layiqincə gələn əməkdaşlara ali mükafatları təqdim edib.
Nazir hər bir təltifin, eyni zamanda, məsuliyyət doğurduğunu xatırladıb, öz andına həmişə sadiq olan daxili işlər orqanları əməkdaşlarının bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcəyinə, bu yolda qüvvə və bacarığını əsirgəməyəcəyinə əminliyini bildirib.