Azərbaycan Türkiyə şirkətləri ilə Birgə İştirak Müqaviləsi imzalayıb - YENİLƏNİB - FOTO

Azərbaycan Türkiyə şirkətləri ilə Birgə İştirak Müqaviləsi imzalayıb -  YENİLƏNİB - FOTO backend

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq işğaldan azad edilmiş ərazilərimizin hidroenerji potensialından səmərəli istifadə etməklə bölgədə “yaşıl enerji” zonasının yaradılması istiqamətində işlər davam etdirilir.

Qarşıya qoyulmuş vəzifələrin icrasından irəli gələrək iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcının iştirakı ilə “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Türkiyənin “Demirören Yatırım Holding A.Ş.” və “Arges Enerji Team” MMC arasında birgə iştirak müqaviləsi imzalanıb.

Sənədi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) icraçı direktoru Ülvi Mansurov, “Demirören Yatırım Holding A.Ş”-nin İdarə Heyətinin sədri Yıldırım Demirören və “Arges Enerji Team” MMC-nin rəhbəri Mehmet Fehmi Özata imzalayıblar.

Müqaviləyə əsasən, Kəlbəcər və Laçın rayonlarında Həkəri və Tərtər çayları üzərində yerləşən 5 kiçik su elektrik stansiyasının bərpa edilərək istismara verilməsi nəzərdə tutulub.

Layihənin həyata keçirilməsi dövlət-özəl sektor tərəfdaşlığına, yeni iş yerlərinin yaradılmasına, bərpa olunan enerji sahəsində təcrübə və bacarıqların təkmilləşdirilməsinə, 2030-cu ilədək enerji istehsalında bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması hədəfinə və istixana qazı emissiyalarının azaldılmasına töhfə verəcək.

Kəlbəcər və Laçın rayonlarında yerləşən beş kiçik su elektrik stansiyasının bərpa edilməsi və fəaliyyətinin təşkili layihəsi AİŞ-in işğaldan azad edilmiş ərazilərə özəl investisiyanın cəlb edilməsi ilə bağlı ikinci layihəsidir. İlk layihə Ağdam rayonu Şahbulaq kəndində yerləşən əhəngdaşı yatağında mişar daşının istehsalı layihəsi olub.

Qeyd edək ki, Azərbaycanda dayanıqlı enerji növlərinin yaradılması və “yaşıl enerji”nin dünya bazarlarına nəqli ölkənin enerji siyasətinin prioritetlərindəndir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2024-cü ildə ölkəmiz dünyanın ən mühüm dövlətlərarası tədbirlərindən olan COP29-a ev sahibliyi edəcək. Bu baxımdan, bölgədə alternativ enerji layihələrinin reallaşdırılması, azad olunmuş ərazilərimizdə su elektrik stansiyalarının bərpası və yenilərinin yaradılması məqsədilə özəl sərmayədarlarla əməkdaşlıq önəm kəsb edir.

 

15:26

“Azərbaycan 2030-cu ilədək elektrik qoyuluşu gücünün 30 faizini bərpa olunan enerji mənbələrindən əldə etməyi və istixana qazı emissiyalarını azaltmağı hədəfləyir”.

Bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşıb.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərimizdə yaşıl enerji zonasının yaradılması istiqamətində növbəti layihə olan Kəlbəcər və Laçın rayonlarında 5 kiçik su elektrik stansiyasının bərpası və istismarı məqsədilə “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Türkiyənin “Demirören Yatırım Holding A.Ş.” Şirkətlər Qrupu və “Arges Enerji Team” MMC arasında Birgə İştirak Müqaviləsi imzalanıb.

Diaspora