İsrail səfiri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olub

İsrail səfiri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olub backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavla tanışlıq görüşü olub. ƏƏSMN-nin mətbuat xidmətindən QAZILER.AZ-a verilən məlumata görə, nazir Səlim Müslümov son 12 ildə milli iqtisadiyyatda 3,4 dəfə, o cümlədən qeyri-neft sektorunda 2,6 dəfə artımın əldə edildiyini, ölkəmizin artıq Cənubi Qafqaz iqtisadiyyatının 75%-nə malik olduğunu, bu gün adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə ölkəmizin dünya miqyasında ön sıralarda olduğunu diqqətə çatdırıb: “Məhz ölkə iqtidarının sosialyönümlü siyasəti qeyd olunan dövrdə əhalinin gəlirlərinin inflyasiyanı üç dəfədən çox üstələyərək 6,5 dəfə, orta aylıq əmək haqqının 5,6 dəfə artmasına, 1 mln. 400 mindən çox yeni iş yerinin açılmasına imkan verib. Bu proseslər Azərbaycanda işsizliyin ümumən Avropa məkanındakı 11,5 faizlik göstəricidən xeyli aşağı - 4,9 %-dək enməsinə, yoxsulluğun isə ümumdünya yoxsulluq səviyyəsindən 3 dəfə aşağı -5%-dək azalmasına səbəb olub”.

S.Müslümov xüsusi proqramlar çərçivəsində dövlət hesabına 4,6 minə yaxın əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edildiyini, yaxın bir neçə ildə daha 5 mindən çox belə şəxsə mənzil veriləcəyini bildirib. Həmçinin imtiyazlı təbəqələrdən olan 5550 nəfərə yaxın şəxs dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin olunub. Onların 31,2 faizinə məhz ötən il və cari ilin keçən dövründə minik avtomobili verilib. Respublika əhalisinin təqribən 4,1 faizinə, yəni 400 mindən çox insana sosial müavinət ödənilir. Həmçinin 53,5 minədək imtiyazlı şəxs Prezidentin təqaüdləri, 1,3 milyonadək insan əmək pensiyası, 500 mindən çox insan ünvanlı sosial yardımla, 5,5 mindən çox şəxs sosial xidmətlə və s. təmin olunur. Ölkədə əhalinin təqribən 22 faizdən çox hissəsi bu gün sosial təminat sistemi ilə əhatə edilib.



S.Müslümov bildirib ki, İsraillə ölkəmiz arasında daim güclənən əlaqələr iki ölkə arasında əmək və sosial müdafiə sahəsində də faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradır.



D.Stav ölkəmizdə bütün sahələrdə olduğu kimi, əmək və sosial təminat sistemində aparılan uğurlu işlərin də onda böyük maraq doğurduğunu bildirib. D.Stav Azərbaycanda fəaliyyəti dövründə iki ölkə arasında bu sahədə də əməkdaşlıq üçün səylər göstərəcəyini vurğulayıb.
Diaspora